AZ

Ramiz Mehdiyev işində şok həbs gözləntisi – bu tarixədək…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi üzrə daha bir nəfərin istintaqa cəlb olunması gözlənilir. İstintaq “dövlət çevrilişi” planında iştirakı olan vəzifəli bir şəxsi müəyyən edib. Onun kimliyi haqda müfəssəl məlumat verilməsə də, ictimaiyyət üçün həbsi şok effekti yaradacaq (Tribunainfo.az).  

Bildirilir ki, bu prosesdə iqtidar və müxalifət cəbhələrindən həbslərin davamı istisna deyil. Çünki latent şəkildə gedən danışıqlar olub və Mehdiyevə yaxın bəzi məmurlar da çevrilişə cəhd layihəsində iştirak ediblər. 

Yada salaq ki, Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Bundan başqa, həmin iş çərçivəsində AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim 2 ay 15 günlüyə həbs ediliblər. Onların həbs müddəti 2026-cı il fevralın 13-də başa çatacaq. Mediada Milli Elmlər Akademiyası katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirovun da Ramiz Mehdiyev işinə görə tutulduğu qeyd edilib. Eldar Əmirovun həbsinə dair xəbərdə onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyi, hansı istintaq orqanının təqdimatı ilə tutulduğu göstərilməyib, yalnız Səbayel Rayon Məhkəməsinin Əmirov barədə 4 ay müddətinə həbs-qətimkan  tədbiri seçdiyi vurğulanıb. Eldar Əmirovun hazırda hansı təcridxanada saxlandığı haqda da bilgi yoxdur.

Bəs fevral ayına qədər Ramiz Mehdiyev və bu işdə təqsirləndirilənlər məhkəməyə çıxarıla və ya istintaq uzadıla bilərmi? Bu maddələrlə hökm oxunarsa, Mehdiyevi hansı cəza gözləyir?

Tağı

Natiq Ələsgərov

“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Ramiz Mehdiyev haqqında seçilmiş 4 aylıq ev dustaqlığı qətimkan tədbirinin 13 fevral 2026-cı ildə başa çatması cinayət-prosessual baxımdan bir neçə mümkün ssenarini aktuallaşdırır: “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) tələblərinə əsasən ev dustaqlığı qətimkan tədbiri istintaqın zərurətləri varsa, məhkəmənin əsaslı qərarı ilə uzadıla bilər. Burada əsas şərt istintaqın bitməməsi və ya yeni faktların üzə çıxmasıdır. Hazırda mediada hallandırılan dövlət çevrilişi planı haqda ittihamlar məhz xüsusilə ağır cinayət kateqoriyasına daxildir. Xüsusilə ağır cinayətlər üzrə qətimkan tədbirlərinin uzadılması həm hüquqi, həm də praktiki baxımdan geniş tətbiq olunur. Bu baxımdan, istintaq orqanı  məhkəməyə müraciət edərək müddətin daha bir neçə ay uzadılmasını istəyə bilər. Məhkəmə də faktiki olaraq bu cür müraciətləri əksər hallarda təmin edir”.

Natiq Ələsgərov deyib ki, Ramiz Mehdiyev üçün 13 fevral tarixi ev dustaqlığının bitdiyi gün kimi bitməyəcək. Bu  yalnız prosesin növbəti mərhələsinin başlanğıcıdır: “İttiham maddələrinin strukturuna baxsaq, hər 3 maddə – 278.1 – hakimiyyətin zorla ələ keçirilməsi, 274 – dövlətə xəyanət, 193-1.3.2 – külli miqdarda vəsaitlərin leqallaşdırılması maddələri üzrə istintaq çoxşaxəli, adətən çoxsaylı iştirakçıların dindirilməsi, əməliyyat məlumatlarının hüquqi dəlilə çevrilməsi, maliyyə izinin aşkarlanması kimi kompleks araşdırmalar tələb edir. Ona görə də Ramiz Mehdiyevin 2026-cı ilin fevralında məhkəməyə verilməsi yalnız bir halda real ola bilər. Bunun üçün istintaq bütün əsas epizodlar üzrə sübutları toplamalı, şübhəli qismində hallandırılan digər şəxslərin işləri də tamamlanmalı və iş bütöv şəkildə ittiham aktına çevrilməklə məhkəməyə göndərilməlidir. Bu qədər işi görmək üçün zamana ehtiyac var. Üstəlik, hazırda yeni həbslər gözlənilir, ictimaiyyətə açıqlanmayan ”şok fiqur”dan bəhs olunur, Eldar Əmirovun işində belə istintaqın vaxt çərçivəsi qeyri-müəyyəndir. Bu isə göstərir ki, istintaq tamamlanmayıb və fevrala qədər də tamamlanması ehtimalı son dərəcə aşağıdır”.

Natiq Ələsgərov deyib ki, gələn ilin ilk aylarında cinayət işinin məhkəməyə verilməsi hüquqi baxımdan mümkün olsa da, faktiki olaraq istintaqın tamamlanma ehtimalı azdır: “Ramiz Mehdiyevin barəsində qətimkan tədbirinin dəyişdirilməsi ssenarisi nəzəri baxımdan mümkündür. Məhkəmə ev dustaqlığını daha sərt qətimkan tədbiri həbslə də əvəz edə bilər. Eyni zamanda daha yumşaq qətimkan tədbiri, məsələn, polis nəzarəti ilə əvəz edə bilər. Amma ittiham maddələrinin ağırlığı, işin siyasi-hüquqi konteksti, eyni epizod üzrə Əli Kərimli və Məmməd İbrahim barəsində həbs-qətimkan tədbirinin seçilməsi konfiqurasiyanı dəyişdirir. Eyni maddələrlə ittiham olunan şəxslərin biri ev dustaqlığında, digərləri həbsdə saxlanırsa, bu fərqin ləğvi üçün istintaqın məhkəməyə müraciət etmək imkanı genişdir. Belə olan halda, Ramiz Mehdiyevin qətimkan tədbirinin həbsə çevrilməsi və onun 13 fevraldan sonra artıq təcridxanaya köçürülməsi mümkün hüquqi ssenaridir. Bu artıq sırf məhkəmənin qərarından asılıdır”.

Natiq Ələsgərov Ramiz Mehdiyevə elan olunan ittihamların ağırlığına diqqət çəkib: “Bu maddələrin hamısı xüsusilə ağır cinayət kateqoriyasına daxildir və məhkəmə çox zaman belə işlərdə cəzanı bir neçə maddə üzrə təyin etməklə, sonra isə ən ağır maddənin cəzasını tətbiq etməklə yekunlaşdırır. Əgər 274-cü maddə üzrə ittiham sübuta yetirilərsə, ömürlük həbs də nəzəri olaraq gündəmə gələ bilər. Amma praktiki təcrübəyə baxsaq, yaşı 86 olan şəxsə ömürlük cəza tətbiq edilməsi məhkəmə praktikası üçün real görünmür. Adətən belə hallarda yaş və sağlamlıq vəziyyəti nəzərə alınaraq daha aşağı həddin, məsələn, 12-15 il həbsin verilməsi ehtimalı daha yüksəkdir”.

Natiq Ələsgərov mediada gedən məlumatlarda “şok effekti yaradacaq yeni həbslər”dən bəhs edilməsinə toxunub, deyib ki, bu məlumatlar prosesin aşağıdakı istiqamətlərdə genişləndiyini göstərir: “İstintaq artıq epizodları fərdlər üzrə ayırmır, sistemli şəkildə araşdırır. Həm keçmiş dövlət strukturları, həm də siyasi müxalifət üzrə paralel xətt aparılır. Danışıqlar və “latent əlaqələr” versiyası araşdırılır. Ramiz Mehdiyevə yaxın məmurların da iştirakına dair sübutlar və ya ifadələr var. Bu isə birbaşa göstərir ki, istintaq mərhələsi hələ bitməyib və 13 fevral mühüm hüquqi tarix olsa da, iş üzrə final deyil”.

Musavat.com

Seçilən
44
editor.az

1Mənbələr