Varşavada hökumət və prezident administrasiyası arasında ciddi kommunikasiya problemi üzə çıxıb…
Polşa prezidenti Karol Navrotski ölkəsinin Ukraynaya Polşa Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcılarının verilməsi planlarından xəbərdar edilməyib.
Poliqon xəbər verir ki, bu barədə prezident administrasiyasının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşıdaç açıqlama verib. O, belə bir həssas qərarın prezidentlə razılaşdırılmamasını hökumətin “peşəkarlıqdan uzaq davranışı” adlandırıb.
Pşıdaçın sözlərinə görə, əvvəlki illərdə Polşanın Ukraynaya hərbi texnika verməsi yalnız prezidentin razılığı ilə baş tutub və bununla bağlı müzakirələr Milli Təhlükəsizlik Bürosunda və ya prezident sarayında keçirilib.
“Biz hökumət və yüksək rütbəli zabitlərdən bu məsələ ilə bağlı konkret planlar eşidəndə həm təəccübləndik, həm də narahat olduq… Silahlı Qüvvələrin Ali Baş Komandanı ilə məsləhətləşmək lazım idi, amma təəssüf ki, bunu etməyiblər”, deyə Pşıdaç vurğulayıb.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış isə bu ittihamlara cavab verərək bildirib ki, məsələnin prezidentlə müzakirə olunmadığı iddiası doğru deyil. Onun sözlərinə görə, bu mövzu hazırda təhlükəsizlik komitəsində araşdırılır.
“Onlar getdikcə daha çox prezidenti yanıltmağa çalışdıqlarını iddia edir. Bu, xoşuma gəlmir”, deyə nazir əlavə edib.
Kosinyak-Kamış dünən açıqlayıb ki, Polşa Ukraynaya Hərbi Hava Qüvvələrinin inventarında qalan MiQ-29 qırıcılarının verilməsini müzakirə edir və bunların “mümkün qədər tez” təhvil verilməsi nəzərdə tutulur. Neçə təyyarənin Ukraynaya göndəriləcəyi açıqlanmayıb. Qeyd edək ki, Polşa daha əvvəl artıq Kiyevə təxminən on MiQ-29 təhvil vermişdi.
Poliqon.info