AZ

Prezidentin Bratislava səfəri Azərbaycanın Avropadakı rolunu daha da gücləndirir ŞƏRH

Bakı, 11 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri Cənubi Qafqazdan Mərkəzi Avropaya uzanan strateji əməkdaşlıq xəttində yeni dinamikanın formalaşdığını göstərir. Bu səfər həm ikitərəfli münasibətlərin mahiyyətini daha da zənginləşdirdi, həm də regional güc balansında Azərbaycanın rolunun artmasını bir daha ortaya qoydu. Bratislavada aparılan danışıqlar və verilən siyasi bəyanatlar göstərir ki, iki ölkə yalnız mövcud tərəfdaşlığı qorumaq niyyətində deyil, onu keyfiyyətcə yeni mərhələyə qaldırmaqda qərarlıdır.

Bu fikriləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, Slovakiya uzun illərdir enerji təhlükəsizliyinin möhkəmləndirilməsini prioritet hesab edir və hazırkı geosiyasi reallıqlar bunu daha da zəruri edir. Məhz bu səbəbdən Azərbaycanla əməkdaşlıq Bratislava üçün strateji dəyər daşıyır. Azərbaycan qazının artıq Slovakiya bazarına daxil olması, həmçinin ehtiyac yaranacağı halda tədarük həcmlərinin artırıla bilməsi, Bakının Avropa İttifaqı məkanında etibarlı və dayanıqlı enerji tərəfdaşı statusunu gücləndirir. Azərbaycanın zəngin ehtiyatları və yeni yataqların istismarı Avropanın geniş coğrafiyasında enerji təhlükəsizliyinin təminatına real töhfə verir.

Azərbaycanın tranzit üstünlüklərinin Slovakiya üçün yeni imkanlar yaratdığını vurğulayan deputat əlavə edib: “Son illər ərzində həyata keçirilən infrastruktur proqramları sayəsində Azərbaycan Şərq-Qərb nəqliyyat arteriyasının mərkəzi həlqəsinə çevrilib. Orta Dəhliz üzrə tranzit yüklərinin böyük hissəsi məhz Azərbaycan ərazisindən keçməklə Avropaya çatdırılır. Slovakiya isə bu marşrutun yeni imkanlarından yararlanmaq üçün Azərbaycanla əlaqələri genişləndirməyə maraq göstərir. Etibarlı və təhlükəsiz tranzit infrastrukturuna çıxış Bratislavanın logistik strateji planlarına uyğun gəlir və iki ölkə arasında iqtisadi inteqrasiyanın yeni istiqamətlərini müəyyənləşdirir”.

Vüqar İskəndərov qeyd edib ki, Azərbaycan müdafiə sənayesi sektorunda beynəlxalq texnoloji tərəfdaşlığa xüsusi diqqət ayırır. Slovakiya isə bu sahədə öz istehsal və texnologiya potensialına görə regionun aparıcı ölkələrindən biridir. Hər iki tərəf üçün sərfəli olan əməkdaşlıq modeli ortaya çıxır. Belə ki, Slovakiyanın qabaqcıl hərbi texnologiyaları Azərbaycanın maliyyə və istehsal bazaları ilə birləşərək həm yeni məhsulların hazırlanmasını, həm də üçüncü ölkələrə ixrac perspektivlərini genişləndirə bilər. Bu, yalnız müdafiə sferasında deyil, sənayenin ümumi modernizasiyasında da əhəmiyyətli nəticələr verə bilər.

“Qlobal siyasətin ən sürətlə inkişaf edən sahələrindən biri rəqəmsal transformasiya və süni intellektdir. Azərbaycanın bu sahədə tərəfdaş seçərkən texnoloji çevikliyə və innovativ təcrübəyə önəm verməsi Slovakiya ilə əməkdaşlığı xüsusi aktuallığa gətirir. Birgə rəqəmsal platformalar, data mərkəzləri və süni intellekt layihələri həm elmi, həm də iqtisadi baxımdan iki ölkənin rəqabət qabiliyyətini artıracaq potensiala malikdir”, - deyə deputat bildirib.

Onun fikrincə, Avropa İttifaqında son illərdə milli maraqlara üstünlük verən xəttin güclənməsi fonunda Slovakiya, Macarıstan və bəzi digər ölkələr Brüsselin mərkəzləşdirilmiş idarəçilik mexanizmlərinə alternativ yanaşma ortaya qoyur. Azərbaycan isə öz xarici siyasətində suverenliyə, müstəqil qərarverməyə və praqmatik tərəfdaşlığa əsaslanan analoji yanaşma sərgiləyir. Bu baxımdan, Bakı və Bratislava arasında siyasi sinxronluq daha aydın görünür. Slovakiyanın Azərbaycanı Cənubi Qafqazda etibarlı strateji tərəfdaş kimi tanıması da bu yaxınlaşmanın təbii nəticəsidir.

“Dövlətimizin başçısının Slovakiyaya ilk rəsmi səfər iki ölkə arasında mövcud əlaqələri, sadəcə təsdiqləmədi, onları yeni strateji istiqamətlər üzrə genişləndirdi. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika, müdafiə sənayesi, rəqəmsal innovasiyalar və siyasi koordinasiya kimi sahələr Azərbaycan-Slovakiya əməkdaşlığının çoxşaxəli və davamlı olacağını göstərir. Bu tərəfdaşlıq yalnız iki paytaxt üçün deyil, həm Cənubi Qafqaz, həm də Mərkəzi Avropa üçün yeni geosiyasi və iqtisadi imkanlar yaradır”, - deyən Milli Məclisin deputatı fikirlərini yekunlaşdırıb.

Seçilən
27
azertag.az

1Mənbələr