“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Çempionlar Liqasında “Ayaks”a məğlubiyyətdən sonra (2:4) jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu əvvəlcə oyunu dəyərləndirib:
-Danışılacaq çox şey yoxdur. Öz azarkeşlərimiz qarşısında çox istəyirdik ki, qalib gələk. Bizim üçün vacib oyun idi, 3 xal qazansaydıq, növbəti mərhələyə yüksəlmək şanslarımızı xeyli artırmış olacaqdıq.
-Uğurlu nəticə üçün nə çatmadı?
-Oyuna yaxşı başladıq. İki qol vurduq və oyunun böyük hissəsində üstünlük tərəfimizdə idi. Yaxşı hücumlar təşkil edirdik. Lakin hücuma atılanda müdafiədə səhvlərə yol verirdik. Belə rəqiblərlə oyunlarda istənilə səhv qolla nəticələnə bilər. Rəqibin əks-hücumları təhlükəli idi, iki qolu məhz belə buraxdıq. Digər buraxılmış qollardan yaxşısı budur, danışmayaq.
-Oyunda qırılma anı nə oldu?
-Düşünürəm ki, buraxdığımız 3-cü qol. Bu qoldan sonra motivasiyamız düşdü.
-Bəlkə əvəzetmələr öz rolunu oynadı?
-Yaxşısı budur, bunu şərh etməyim. Əvəzetmələrə qarışmağım düzgün olmaz, bu, baş məşqçinin işidir.
-Bəlkə hesab 2:1 olanda geri çəkilib vaxtı uzatmaq lazım idi?
– Belə etmək doğru olmazdı. Bu səhv idi. Biz başqa səhvlərə yol verməli deyildik.
-Əldən verilən qol imkanları, onların məğlubiyyətdə nə dərəcədə təsiri oldu?
-Bunun da təsiri oldu. Bizim qol vurmaq üçün nə qədər imkanımız oldu…
-Real yaşaşsaq, “Qarabağ”ın növbəi mərhələyə yüksəlmək şansları nə qədərdir?
-Artıq itirəcəyimiz heç nə yoxdur. Son iki oyunda məqsədimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik.