"Ramiz Mehdiyevlə Əli Kərimli arasındakı ittifaq və hər gün ortaya çıxan faktlar haqlı olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Faktlar göstərir ki, Mehdiyev-Kərimli tandeminin fəaliyyəti planlı və koordinasiyalı gizli şəbəkə çərçivəsində baş verib. Əli Kərimlinin evində aparılan axtarış zamanı “Milyarderlər İttifaqı” ilə bağlı sənədlər və Mehdiyevə aid olan məktubun ilkin, redaktə olunayan nüsxəsi tapılıb ki, bu da əməkdaşlığın uzun illərə söykəndiyini göstərir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, xüsusilə 2012–2013-cü illərdə Rusiyanın biraşa iştirakı ilə yaradılan “Milyarderlər İttifaqı” və daha sonra Azərbaycanda paralel şəkildə qurulan “Milli Şura” bu tandem tərəfindən ölkədə vahid müxalifət bloku yaratmaq, ictimai rəyi yönləndirmək və seçkilərdə “vahid namizəd” üzərində konsensus əldə etmək məqsədilə istifadə olunub:
"Aparılan istintaq göstərir ki, həmin xarici təsir və koordinasiya sxemlərinin izləri hələ də müəyyən dərəcədə mövcuddur.
Artıq bu tandemin yalnız AXCP çərçivəsində deyil, həm də xarici təsirə malik strukturlar və paralel təşkilatlarla əlaqəli olduğu gün kimi ortadadır. Aydın olur ki, müxalifət görüntüsü altında ictimai rəy və siyasi prosesləri manipulyasiya etmək məqsədi güdülüb. Mitinqlər, sosial şəbəkələrdə kampaniyalar və partiya daxilində radikal qərarlar səmimi siyasi fəaliyyət deyil, süni gərginlik və manipulyasiya yaratmaq üçün planlaşdırılmış addımlar olub".
Yusif Bağırzadənin sözlərinə görə, istintaqın aparılması, evdə aparılan axtarışlar, şahidlərin dindirilməsi və digər hüquqi tədbirlər göstərir ki, iddiaların kifayət qədər hüquqi əsasları mövcuddur:
"Odur ki, haqlı olaraq hesab edilir ki, bu əməkdaşlıq milli maraqlara və ictimai-siyasi sabitliyə təhlükə yarada bilər".