Ermənistanın Baş naziri Nikol Paşinyan maraqlı bir açıqlama verərək Azərbaycan tərəfinə çağırış edib.
NOCOMMENT.az xəbər verir ki o, “Qərbi Azərbaycan” mövzusunu və Qarabağdakı ermənilərin bölgəyə qayıtması məsələsini uzunmüddətli perspektivdə gərginlik yaratmamaq üçün birgə yol xəritəsi ilə həll etməyi təklif edib.
“Azərbaycanda bir tərəfdən ‘Qərbi Azərbaycan’dan danışırlar, digər tərəfdən isə ‘qarabağlı ermənilərdən’ bəhs edirlər. Mən açıq şəkildə demişəm ki, qayıdış mövzusu çox təhlükəlidir və indi Azərbaycan tərəfinə açıq bir təklif etmək istəyirəm… Mən təklif edirəm ki, bu mövzuları paralel olaraq bağlamaq üçün birgə yol xəritəsi qəbul edək. Mən əvvəllər də demişəm ki, qayıdış (qarabağlı ermənilərin bölgəyə dönməsi) mümkün deyil”, — Paşinyan jurnalistlərə bildirib.
Baş nazir qeyd edib ki, hazırda Ermənistanda böyük layihələr həyata keçirilir ki, Qarabağdakı ermənilər ölkədə qalsınlar.
“Əgər qayıdış mövzusunu davam etdirsək, bu o demək olacaq ki, biz yenidən Qarabağ hərəkatını başlayacağıq. Qarabağ hərəkatı artıq başa çatıb… Azərbaycan davamlı olaraq ‘Qərbi Azərbaycan’ termini ilə çıxış edir… Biz səbəb və nəticəni ayırmalıyıq. Gəlin yol xəritəsi hazırlayaq ki, bu mövzular həll edilsin və uzunmüddətli perspektivdə hər hansı bir münaqişə vəziyyəti yaranmasın”, — Paşinyan bildirib.
NOCOMMENT.az-ın ŞƏRHİ:
Bir baxışda, açıqlama konstruktiv görünür: Paşinyan “qarabağlı ermənilərin qayıdışı” mövzusunda spekulyasiyalardan çəkinməyi tövsiyə edir. Lakin məsələni dərin təhlil edəndə, bunun əsasən məcburi bir mövqe olduğu görünür. Ermənistanda başa düşürlər ki, bu gün Qarabağdakı ermənilərin qayıtması real deyil və uzun müddət ərzində bu yalnız xarici müdaxilə və ya hərbi yolla mümkündür.
Daha vacibi odur ki, Paşinyanın “Qərbi Azərbaycan”dan didərgin düşmüş azərbaycanlılarla Qarabağdakı erməniləri eyni səviyyəyə qoyması doğru deyil. Qarabağdakı ermənilər zorla didərgin salınmayıb, lakin azərbaycanlılar vəhşi etnik təmizləmələrə məruz qalıblar. Üstəlik, Azərbaycan tərəfi əvvəldən qarabağlı ermənilərə həm təhlükəsizlik zəmanəti, həm vətəndaşlıq, həm də bütün vətəndaş və siyasi hüquqları təklif edib.
Ermənistan hakimiyyəti, xüsusilə Nikol Paşinyan vasitəsilə azərbaycanlıların Ermənistana qayıtmasına qarşı çıxıb. İndi Paşinyanın Azərbaycanla birgə “yol xəritəsi” hazırlamaq təklifi, əgər bu, Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlıların qayıtmaq hüququndan imtina etməyi nəzərdə tutursa, qəbulolunmazdır. Didərgin düşmüş azərbaycanlıların tarixi vətənlərinə qayıtmaq hüququ beynəlxalq humanitar hüququn tərkib hissəsidir. Əgər Ermənistan bu hüququ görməzdən gəlir və “qarabağlı ermənilərin qayıdışı” məsələsini təzyiq və şantaj vasitəsi kimi istifadə etməyi düşünürsə, bu, sülh prosesinə və Bakı ilə münasibətləri normallaşdırmaq niyyətinə uyğun gəlmir.