Tbilisi, 11 dekabr, AZƏRTAC
İsrail Knessetinin bir neçə deputatının guya terror təhlükəsi səbəbilə Gürcüstana səfərini ləğv etməsinə dair mediada yayılan məlumatlar həqiqətə uyğun deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında bildirilib.
Bəyanatda deyilir ki, DTX hazırda İsrail xüsusi xidmət orqanları ilə əlaqə saxlayır. “İsrail xüsusi xidmət orqanlarının nümayəndələri yanlış məlumatın yayılmasından təəccübləndiklərini bildiriblər. Təəssüf doğuran məqam odur ki, bu cür iddialar Gürcüstan mediasının bir hissəsi tərəfindən DTX ilə dəqiqləşdirilmədən tirajlanır. Hər kəsi Gürcüstanla bağlı zərərli və yoxlanılmamış məlumatların yayılmasından çəkinməyə çağırırıq” – deyə, bəyanatda vurğulanır.
DTX bildirib ki, Gürcüstanda terror təhlükəsi ilə bağlı heç bir rəsmi siqnal və ya məlumat mövcud deyil.
Tbilisi