AZ

Tramp: FED faiz dərəcəsini kifayət qədər endirmədi

Tramp: FED faiz dərəcəsini kifayət qədər endirmədi

ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 25 baza bəndi endirməsi qərarını az hesab edərək, faizin ən azı iki dəfə daha çox endirilə biləcəyini bildirib.

Tramp Ağ Evdə iş adamları ilə keçirdiyi dairəvi masa görüşündə FED sədri Cerom Pauellə yönəltdiyi tənqidlərini davam etdirib.

Pauelli “sərt” adlandıran Tramp, faiz dərəcələrinin düşdüyünü, lakin Pauellin ciddi bir addım atmadığını iddia edib.

Tramp faiz endirimi qərarını nəzərdə tutaraq, “Bunu olduqca az etdiyini deyə bilərəm, ən azı bunun iki qatına endirilə bilərdi” deyib.

Gələn ilin mayında müddəti başa çatacaq FED sədri Cerom Pauellin yerinə seçiləcək şəxsi müəyyənləşdirmək üçün namizədlərlə görüşüb-görüşmədiyi barədə suala cavab verən Tramp FED-in keçmiş idarə heyəti üzvlərindən Kevin Varş ilə bu gün görüşəcəyini deyib.

Tramp “Nə axtardığım barədə kifayət qədər aydın fikrim var. Faiz dərəcələri məsələsində dürüst olacaq birini axtarıram. Mən sadəcə dürüstlük istəyirəm, faiz dərəcəmiz daha aşağı olmalıdır. Faiz dərəcəmiz dünyanın ən aşağı dərəcələri olmalıdır” deyə əlavə edib.

Qeyd edək ki, FED ilin son Federal Açıq Bazar Komitəsi (FOMC) iclasından sonra gözləntilərə uyğun olaraq uçot dərəcəsini 25 baza bəndi endirərək 3,5–3,75 faiz aralığına salıb.

Seçilən
20
afn.az

1Mənbələr