AZ

Çin bazarı əsas prioritetimizdir - Fərhad Qaraşov

Yazını böyüt
Yazını kiçilt

Meyvə və tərəvəz məhsulları Azərbaycanın qeyri-neft ixracında mühüm paya malikdir. Ölkədə yetişdirilən meyvələr dadı, keyfiyyəti və görünüşü ilə xarici bazarlarda seçildiyindən, bu məhsulların bir çoxu ixrac vitrininin ön sıralarında yer alır. Meyvə ixracında ən yüksək göstəriciyə malik məhsullardan biri isə hər il olduğu kimi bu il də nardır. Nar bağlarında mövsümün hansı nəticələrlə yadda qaldığı, məhsuldarlıq dinamikası, ixrac coğrafiyasının genişləndirilməsi və qarşıdakı hədəflərlə bağlı suallarımızı “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov cavablandırıb.

- Bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə necədir? Hava və torpaq şəraiti məhsula necə təsir göstərib?

- Ümumilikdə, Azərbaycanda narçılığın artım tempi əsasən iqlim dəyişkənliyi səbəbindən illər üzrə fərqlənir. Təbii ki, 2025-ci ilin məhsuldarlığının yekunları ilə bağlı məlumatlar hələ də tam məlum olmadığı təqdirdə biz artım və ya azalma ilə bağlı dəqiq məlumat verə bilmərik. Ümumi məhsuldarlıqda ötən illə müqayisədə istər istehsal, istərsə də ixracla bağlı artımın müşahidə edilir.

- Məhsuldarlığı artırmaq üçün fermerlər hansı qabaqlayıcı tədbirlər görür və yeni texnologiyalardan istifadə edirmi?

- Fermerlər və sahibkarlar, əsasən, damcılı suvarma və müasir suvarma sistemlərinə keçid, həmçinin düzgün sort seçimi etməklə məhsuldarlığın artırılması istiqamətində işlər görürlər. Bundan başqa, kooperativləşmə və ixrac üçün sertifikatlaşdırma, təyinata uyğun dərman və gübrələrin istifadəsi də bu istiqamətdə atılan addımlardandır.

- İxrac bazarlarında vəziyyət qiymətlərə necə təsir edir?

- Pərakəndə və ixrac bazarlarında tələb-təklif dəyişiklikləri orta qiymətlərə bilavasitə təsir edir. Qeyd edək ki, əsas ixrac bazarımızın Rusiya olduğunu nəzərə alsaq burada aktiv müharibə dalğalarının olması valyutalar arasında olan stabilliyin kəskin şəkildə dəyişməsinə səbəb olmuşdur. Belə ki, ötən il rublun dəyərinin aşağı düşməsi nəticəsində ixracımızın artmasına baxmayaraq əldə edilən gəlir digər illərlə müqayisədə aşağı düşmüşdür. Öncədən də qeyd etdiyimiz kimi, ilin yekunları ilə bağlı məlumat vermək hələki, tezdir.

- Kiçik və orta fermerlərin məhsuldarlığı artırmaq üçün dövlət dəstəyi kifayət qədərdir, yoxsa əlavə təşviqlərə ehtiyac var?

- Dövlətimiz artıq subsidiyalar, güzəştli kredit şərtləri ilə fermerlərimizə kifayət qədər dəstək mexanizmləri tətbiq edirlər. Təbii ki, son dövrlərdə dərman və gübrələrin qiymətlərində müşahidə edilən qiymət artımı subsidiya məbləğinin alıcılıq qabiliyyətini bir qədər aşağı salır. Ümid edirik, ayrılan birdəfəlik ödənişlər və illər üzrə ödənişlər bir qədər də artırılsa bu fermerlərimizin rifahına müsbət təsir edər. Bundan başqa fermerlərimizə tətbiq edilən 3 faiz güzəştli ixrac təşviqinin yenidən bərpa olunması sahibkarlar üçün mühüm əhəmiyyət kəsb edərdi. Nar ixracı zamanı yaş meyvənin çəki itirməsi hallarını nəzərə alaraq burada itirilmiş məbləğin bir hissəsinin məhz ixrac təşviqi ilə qarşılanması ciddi maliyyə itkilərinin qarşısını ala bilər.

- Bu il nar ixracında hansı ölkələr prioritetdir və ixrac potensialını artırmaq üçün hansı addımlar atılır?

- Ən böyük istiqamətlər – ənənəvi olaraq Rusiya, bir qədər zəif olsa da, Ukrayna və qonşu ölkələr əsas siyahıda yer alır. Təbii ki, Avropa və körfəz ölkələrinə, xüsusilə də bizim üçün son dövrlər əsas bazarlardan sayılan Çin bazarına nar ixrac etmək gələcək illər üçün bizim əsas prioritetlərimizdəndir. Təbii ki, ölkələr bazar tələbi, logistika və ticarət münasibətləri əsasında dəyişir.

Potensialı artırmaq üçün atılan addımlar – beynəlxalq sərgilər və ticarət missiyaları vasitəsilə promo-kampaniyalar, davamlı olaraq yüksək keyfiyyətli məhsulun istehsalı və səmərəli saxlama şəraitinin təmin edilməsidir. Bunlar ixrac həcm və ticarət dəyərinin yüksəlməsinə kömək edir.

- Narın emalı və qablaşdırılması sahəsində hansı yeniliklər mövcuddur və bu, məhsulun keyfiyyətinə və bazar rəqabətliliyinə necə təsir edir?

- Emal müəssisələri ilə danışıqlar aparıldıqda onların əsas emal dövründə nar çatışmazlığı yaşadıqları müəyyən edilmişdir. Təbii ki, burada bəzi hallarda şirə üçün ayrılmış narın süni qiymət artımı, satışda üçüncü şəxslərin iştirakı ilə baş verən bəzi problemlər də danılmazdır. Qablaşdırmaya gəldikdə ənənəvi bazarlar əsasən taxta və plastik qablaşdırmaya üstünlük verdiyi halda, Avropa bazarı karton və xüsusi sterilizə olunmuş salafaları əsas prioritet sayır. Bu da öz növbəsində, məhsulun maya dəyərinə təsir edir.

Seçilən
10
hafta.az

1Mənbələr