Kiyev, 11 dekabr, AZƏRTAC
Ukrayna Prezidenti, Ali Radası və yerli hökumətinin fəaliyyəti legitim olaraq qalır.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukraynada müharibə dönəmində Prezident və parlament seçkilərinin keçirilməsinə dair səslənən fikirlərə münasibət bildirərkən Ukrayna Ali Radasının deputatı Valeri Kolyux söyləyib. Deputat hesab edir ki, seçkilərin keçirilməsi daxili zərurətdən daha çox xarici təzyiqin nəticəsidir. “Müharibə bitdikdən və biz vətəndaşlarımızın seçki məntəqələrində təhlükəsizliyinə və məcburi köçkünlərimizə, hərbi qulluqçularımıza və Ukraynanı tərk edənlərə səs vermək hüququna zəmanət verəndən sonra bu məsələ gündəmdə olacaq”, - deyə ukraynalı deputat əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp müsahibəsində Ukraynada yeni prezident seçkiləri keçirməyin vaxtı çatdığını açıqlayb.
Xatırladaq ki, Volodimir Zelenski 2019-cu il mayın 20-dən Ukrayna Prezidentidir. Onun 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb. Ölkədə hazırda hərbi vəziyyət rejimi qüvvədə olduğundan seçkilər təşkil edilməyib. Ukraynada hərbi vəziyyət rejimi isə 2022-ci ilin fevralında elan edilib və müddəti mütəmadi olaraq uzadılır.
Kiyev