AZ

Danimarka ilk dəfə ABŞ-ni “potensial təhlükəsizlik təhdidi” adlandırıb  

Danimarka Müdafiə Kəşfiyyat Xidməti (DDIS) ilk dəfə ABŞ-ni “potensial təhlükəsizlik təhdidi” adlandırıb. Bu barədə qurumun illik hesabatında məlumat verilir. 

 Qeyd edilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası “öz iradəsini yeritmək üçün yüksək tariflər təhdidləri də daxil olmaqla iqtisadi gücdən istifadə edir və artıq müttəfiqlərinə qarşı belə hərbi gücdən istifadəni istisna etmir”.

DDIS həmçinin bildirir ki, Kopenhagendə ABŞ-nin Avropa təhlükəsizliyinin təmin edilməsində hansı rol oynayacağı ilə bağlı qeyri-müəyyənlik mövcuddur.

Bundan əlavə, qurum  Rusiya və Çinin Danimarka üçün əsas təhdidlər olaraq qaldığını qeyd edib və Baltik dənizini NATO ilə Rusiya arasında münaqişənin ən çox ehtimal olunan bölgə kimi müəyyən edib. 

Xüsusilə, hesabatda qeyd olunur ki, Vaşinqtonun Avropa təhlükəsizliyinin qarantı kimi rolu ilə bağlı qeyri-müəyyənlik Rusiyanın NATO ölkələrinə qarşı hibrid hücumları gücləndirməyə hazırlığını artıra bilər. 

Krallığın kəşfiyyat xidməti həmçinin Arktikada aparıcı güclər arasında artan rəqabət fonunda ABŞ-ın Qrenlandiyaya artan marağını qeyd edir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
64
azerbaijan-news.az

1Mənbələr