AZ

Antarktidada itən robot 8 ay sonra geri qayıdıb  

Antarktidada buz təbəqəsinin altında itkin düşən sualtı robot aylar sonra yenidən peyda olub və naməlum bölgədən topladığı qiymətli məlumatları təqdim edib. Bu robot Şərqi Antarktidada - Denman buzluğu və Shackleton buz şelfinin altında aparılan araşdırmalar zamanı əlaqə kəsildikdən sonra donmuş okeanın dibində səkkiz ay boyunca rabitəsiz qalıb. Bu müddət ərzində o, sahilə çıxa bilmirdi və peyk vasitəsilə məlumat ötürmək imkanı yox idi. Buna baxmayaraq, robot dəniz dibindən buz təbəqəsinin altına qədər uzanaraq hər beş gündə bir profil yazmağa davam edib.

Nəhayət, cihaz tapıldığında bundan əvvəl qeydə alınmamış okeanoqrafik məlumatlar - temperaturlar, duzluluq, təzyiq, oksigen səviyyəsi, pH və nitrat göstəriciləri daxil olmaqla geri qaytarılıb. Bu məlumatlar iki ildən çoxdur soyuq cərəyanları izləyən tədqiqatçılar tərəfindən analiz edilib. Nəticələr CSIRO və Avstraliya Antarktika Proqramı tərəfdaşları tərəfindən qiymətləndirilib.

Bu uğurlu missiya birbaşa müşahidənin mümkün olmadığı ucqar Antarktik bölgələrini süni intellekt və robotika vasitəsilə öyrənməyin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi. Tədqiqat onu göstərdi ki, Shackleton buz şelfi nisbətən sabitdir, onun altında əriməni sürətləndirəcək qədər isti su qatının daxil olması müşahidə olunmayıb. Lakin Denman buzluğu altında isti suyun nüfuzuna dair əlamətlər qeydə alınıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu isti su qatındakı kiçik qalxmalar belə ərimənin sürətlənməsinə və dəniz səviyyəsinin gələcəkdə daha sürətlə yüksəlməsinə səbəb ola bilər.

Bu tapıntılar gələcəkdə buz qatlarının sabitliyi və qlobal dəniz səviyyəsinin qalxması ilə bağlı iqlim modellərinin daha dəqiq hazırlanmasına mühüm töhfə verəcək.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr