Bakı, 11 dekabr, Günel Türksoy, AZƏRTAC
Bizim qarşıdakı illər üçün çox iddialı planlarımız var. Belə ki, Rumıniyanın Yassi Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzinin işinə tələbələrin daha çox cəlb olunmasına çalışırıq. Eyni zamanda, yazıçı Kamal Abdullanın bir neçə pyesini tərcümə etdikdən sonra onun əsərlərini səhnələşdirmək üçün teatr studiyası yaratmaq istəyirik. Qeyd edim ki, yazıçının “Bir, iki, üç, dörd, beş” pyesi artıq 2022-ci ildə şəhər səhnəsində səhnələşdirilib.
Bunu Rumıniyanın Yassi şəhərindəki “Alexandru Ioan Kuza” Universitetinin “Petru Karaman” Slavistika kafedrasının dosenti, Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Lyudmila Bejenaru AZƏRTAC-a açıqlamasında deyib.
Bejenaru, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün növbəti “Yay məktəbi” layihəsinin təşkil edilməsinin də planlaşdırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, budəfəki “Yay məktəbi” Qara dəniz regionu, adət-ənənələr, tarix və multikultural perspektivlər haqqında olacaq: “Sentyabr ayında keçirdiyimiz ilk “Yay məktəbi”ndə Azərbaycan, Türkiyə, Bolqarıstan, Ukrayna, Moldova və Rumıniyadan tələbələr iştirak ediblər. Buna görə də biz bu layihəni davam etdirmək istəyirik. Çünki söhbət ölkələr arasındakı perspektivli münasibətlərdən gedir”.
Lyudmila Bejenaru Rumıniyada Azərbaycan Multikulturalizm Mərkəzinin açılmasını, həmçinin 2017-ci ildən BBMM tərəfindən həmin mərkəzdə “Azərbaycan multikulturalizmi” fənninin keçirilməsinin təmin olunmasını iki ölkə arasındakı mədəni-təhsil münasibətlərində əhəmiyyətli addımlar hesab edib. “Mərkəzimiz rumıniyalıları cəlb edir. Onlar Azərbaycanla, onun adət-ənənələri ilə maraqlanırlar. Mərkəzin işində Azərbaycan müəllimləri də bizə kömək edirlər. Onlar tələbələrimizlə görüşür və müxtəlif tədbirlər təşkil edirlər. Beləliklə, Azərbaycan multikulturalizmi konsepsiyasında müasir nəsil, xüsusilə gənclər və tələbələr cəmiyyətin ən fəal və dinamik hissəsini təşkil edirlər. Hər il minlərlə tələbə təhsil və mədəni sahələrdə Azərbaycan dəyərlərini qoruyur, təşviq edir”, - deyə o vurğulayıb.