Məşhur müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində onun qızı Tuğyan Ülkəm Gülter, dostu Sultan Nur Ulu və daha iki nəfər saxlanılıb. Yalova Prokurorluğu hadisəni qəsdən adam öldürmə kimi araşdırır.
Day.Az xəbər verir ki, istintaqa əlavə edilən TÜBİTAK ekspertizasının nəticələrinə görə, hadisə günü mənzildəki kameraların səs yazıları xüsusi üsullarla təmizlənib.
Analiz zamanı Güllünün pəncərədən itələnmədən əvvəl "İndi səni atacağam" sözlərinin eşidildiyi və bu ifadənin Güllinin qızı Tuğyan Ülkəm Gülterə aid olduğu müəyyən edilib. Qadının yıxılmasından sonra isə "Hadi, görüşərik, bay-bay" ifadəsi də qeydə alınıb.

Məlumata görə, Güllü həmin gün spirtli içki qəbul edib. O, hamamdan çıxdıqdan sonra səs-küyə görə otağa keçib və burada mübahisə yaranıb. Boğuşma zamanı pəncərədən itələndiyi ehtimal edilir.
Bir neçə gün öncə isə Güllünün qızı Gülter və dostu Ulu axşam saat 21:45-də çamadanlarla birlikdə dostlarının yaşadığı binadan çıxıblar.
Onlar çamadanları avtomobilə yükləyərkən "planlı şəkildə adam öldürmə" şübhəsi ilə saxlanılıblar. Ulunun atası Arif Ulu da istintaq çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.
Prokurorluq bildirir ki, saxlanılanlar Gürcüstan üzərindən ölkədən çıxmağa hazırlaşdıqları zaman nəzarətə götürülüb. Hadisə ilə bağlı araşdırma davam edir.
Elxan Əliyev
Day.Az