AZ

ADNSU tələbələrinin innovasiya layihələri beynəlxalq auditoriyaya təqdim olunub

Bakı, 11 dekabr, AZƏRTAC

Son illər gənclərin texnoloji yaradıcılığı və startap təşəbbüsləri ölkəmizi beynəlxalq arenada təmsil etməyə imkan verir. Bu təşəbbüslər tələbələrin innovativ ideyalarını təqdim etməsinə və qlobal bazarla tanış olmasına şərait yaradır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dekabrın 10-11-də İstanbul Fuar Mərkəzində keçirilən “Take Off İstanbul” beynəlxalq startap zirvəsində Azərbaycanı təmsil edib. ADNSU tələbələri Nərmin Məmmədova, Selcan Manaflı və Nigar Feyzi xüsusi stendlə çıxış edərək “HealWith”, “VECTA” və “UManage” adlı 3 startap layihəsini beynəlxalq auditoriyaya təqdim ediblər. Startap müəllifləri AZƏRTAC-a layihələrin tətbiq sahələri, innovativ xüsusiyyətləri və inkişaf perspektivləri barədə məlumat veriblər.

Nərmin Məmmədova “HealWith” layihəsinin əsas məqsədi barədə məlumat verib: “HealWith” layihəsi süni intellekt vasitəsilə bitki xəstəliklərinin erkən aşkar edilməsinə imkan verir. İstifadəçi çəkdiyi şəkil əsasında diaqnostika məlumatı alır və müvafiq müalicə planı əldə edir. Bu isə fermerlər və istixana sahibləri üçün məhsul itkisini azaldır”.

Selcan Manaflı “VECTA” cihazının hansı problemi həll etdiyini izah edib: “VECTA” cihazı torpağın nəmlik və temperaturunu yüksək dəqiqliklə ölçür və suvarma proseslərinin optimallaşdırılmasına kömək edir. Real vaxt rejimində monitorinq fermerlər üçün torpaq vəziyyətinə nəzarəti asanlaşdırır.

Nigar Feyzi “UManage” platformasının əsas üstünlüyündən danışıb: “UManage təhsil müəssisələrində elektron idarəetmə sistemlərini vahid platformada birləşdirir. Elektron jurnal, qiymətləndirmə, tələbə məlumatları və hesabat modulları eyni sistemdə olduğundan istifadəsi rahatdır”.

ADNSU tələbələri yalnız texnoloji həllər yaratmaqla kifayətlənmir, həm də ideyalarını beynəlxalq səviyyədə təqdim etmək bacarığına malikdirlər. “HealWith”, “VECTA” və “UManage” kimi layihələr universitetin innovasiya mühitinin və startap ekosisteminin uğurlu nümunələridir. Bu təcrübə tələbələrə gələcəkdə daha böyük layihələrdə iştirak etmək və qlobal arenada ölkəmizi təmsil etmək üçün stimul verir.

Seçilən
23
azertag.az

1Mənbələr