AZ

Neft-qaz yataqlarında geodinamikanın tətbiqi hasilatın səmərəliliyini artırır

Bakı, 11 dekabr, AZƏRTAC

Geodinamikanın neft-qaz yataqlarının davranışının proqnozlaşdırılmasına inteqrasiyası bu gün Azərbaycanın mövcud və perspektiv yataqlarında hasilatın səmərəliliyini birbaşa artıran əsas elmi-tətbiqi istiqamətlərdən biridir. Regional və lokal gərginlik sahələrinin, tektonik blokların hərəkətinin, çat-sistemlərinin və süxurların mexaniki xüsusiyyətlərinin dərindən öyrənilməsi yataqların uzunmüddətli dinamikasını yüksək dəqiqliklə modelləşdirməyə imkan verir. Bu yanaşma kollektorun sıxılması, süxurların əyilməsi, dəniz dibinin və sahil zonalarının çökməsi, fay xətlərinin aktivləşməsi, eləcə də maye və qazın miqrasiya yollarının əvvəlcədən proqnozlaşdırılmasını mümkün edir.

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, bu barədə elmi müəssisənin baş direktoru akademik Fəxrəddin Qədirov bildirib. Akademik qeyd edib ki, hazırlanan geodinamik modellər quyu şəbəkəsinin daha rasional layihələndirilməsi, lay təzyiqinin səmərəli idarə olunması, su və qazvurmanın optimal sxemlərinin seçilməsi, həmçinin seysmik risklərin və texnogen deformasiya nəticəsində platformalar, kəmərlər və terminallar kimi infrastruktur obyektlərinə düşən gərginliklərin minimuma endirilməsi baxımından böyük üstünlüklər yaradır. Belə kompleks yanaşma həm çıxarıla bilən ehtiyatların həcmini artırır, həm də hasilatın pik dövrünü daha uzun müddət qorumağa imkan verir, bununla yanaşı, qəza riski və əlavə əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Xüsusən, Xəzər akvatoriyası və Abşeron hövzəsində InSAR, GNSS və 4D seysmik məlumatların geodinamik analizlə birgə tətbiqi yataqların təkcə “bugünkü vəziyyətini” deyil, həm də onların onilliklər ərzində davranışını proqnozlaşdırmağa imkan verir. Bu isə Azərbaycanın neft-qaz strategiyasının daha elmi əsaslı, uzunmüddətli və davamlı şəkildə formalaşdırılmasına ciddi töhfə verir.

Seçilən
106
azertag.az

1Mənbələr