Bakı,11 dekabr, AZƏRTAC
Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan şəxslər məcburi qaydada ƏDV ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.
İqtisadçı-ekspert Anar Bayramov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, nəzərdə tutulan dəyişikliyə görə, Vergi Məcəlləsinin 155.1-ci maddəsində yer alan vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergiödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.
“Məsələn, elektrik mallarının pərakəndə satışı ilə məşğul olan vergiödəyicisinin son 12 aylıq vergi tutulan əməliyyatlarının həcmi 250 min manatdır. Lakin bu dövriyyənin 180 min manat hissəsi POS-terminal vasitəsilə, 70 min manat hissəsi isə nağd qaydada satışdan formalaşıb. Hazırda mövcud olan qanunvericiliyə əsasən, vergiödəyicisi növbəti ayın 1-dən ƏDV ödəyicisi kimi uçota alınmaq üçün ərizə təqdim etməlidir. Lakin təklif edilən dəyişiklik qüvvəyə minərsə, o zaman vergiödəyicisinin 180 min manat hissəsi 90 min manat kimi götürüləcək.
ƏDV qeydiyyatı üçün tələb edilən 200 min manat limitlə bağlı hər hansı bir artım, dəyişiklik yoxdur. Bu limit olduğu kimi növbəti ildə də davam edəcək. Bu norma ancaq POS-terminalla aparılan dövriyyələrə aiddir. Nağd qaydada satışdan formalaşan dövriyyələrə tətbiq edilməyəcək. Sözügedən dəyişiklik yalnız pərakəndə ticarət üzrə satışdan formalaşan və əhaliyə göstərilən xidmətdən formalaşan dövriyyələrə tətbiq ediləcək”, - deyə iqtisadçı əlavə edib.