AZ

Mərkəzi Bank 7.25-dən başlayıb 6.75-ə düşdü - nə dəyişəcək?...


Əkrəm Həsənov: "Uçot dərəcəsinin kredit faizlərinə bir o qədər də təsiri yoxdur"

Məlum olduğu kimi, Mərkəzi Bank İdarə Heyəti uçot dərəcəsini (kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsi) 6,75 faizə endirib.

Qeyd edək ki, 2025-ci il 7,25 faizlə start götürüb. Maksimum uçot dərəcəsi 2007 və 2018-ci illərdə 13 faiz, 2008, 2016 və 2017-ci illərdə 15 faiz, 2009 və 2012-ci illərdə 5 faiz, 2010 və 2015-ci illərdə 3 faiz, 2011-ci ildə 5,25 faiz, 2013-cü ildə 4,75 faiz, 2014-cü ildə 4,25 faiz, 2019-cu ildə 9,25 faiz, 2020 və 2021-ci illərdə 7,25 faiz, 2022-ci ildə 8,25 faiz, 2023-cü ildə 9 faiz, 2024-cü ildə 7,75 faiz olub.

Maraqlıdır, uçot dərəcəsinin 6,75 faizə endirilməsi bank kreditləşməsinə necə təsir göstərəcək?

"Uçot dərəcəsinin endirilməsi Mərkəzi Bankın inflyasiya təhlükəsi görmədiyindən və əksinə, ölkədə iqtisadi aktivliyi canlandırmaq istədiyindən xəbər verir"

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, iqtisadi nəzəriyyəyə görə, Mərkəzi Bank uçot dərəcəsini endirirsə, bu, bazarda kredit faizinin enməsinə təsir etməlidir: "Ancaq Azərbaycanda bu mexanizm tam işləmir. Mərkəzi Bank uçot dərəcəsini endirirsə, bu o demək deyil ki, kredit faizinə təsir etməlidir. Ümumiyyətlə, uçot dərəcəsinin kredit faizlərinə bir o qədər də təsiri yoxdur. Uçot dərəcəsinin endirilməsi Mərkəzi Bankın inflyasiya təhlükəsi görmədiyindən və əksinə, ölkədə iqtisadi aktivliyi canlandırmaq istədiyindən xəbər verir. Banklar Mərkəzi Bankdan ucuz kredit götürür və vətəndaşlara kreditlər verirlər. Ona görə də faiz endiriləndə uyğun olaraq kredit faizləri də düşməlidir. Çünki bu halda pul həcmi arta bilir və Mərkəzi Bank inflyasiyanın olmasından qorxmur. Yəni nəzəriyyədə bu belədir. Lakin təcrübədə belə olmur. Bizdə Mərkəzi Bankdan kredit götürmək elə də asan deyil. Əksər banklar, ümumiyyətlə, MB-dən kredit götürə bilmir. Bu səbəbdən də faizin enib-qalxması onlar üçün heç nəyi dəyişmir".

Ə.Həsənov onu da əlavə etdi ki, Azərbaycanda qiymətlər daha çox idxal malları ilə həll olunur: "Biz malların çoxunu xaricdən gətirdiyimiz üçün Mərkəzi Bankın uçot dərəcəsi qiymətlərə təsir etmir".

Günel CƏLİLOVA

Seçilən
13
baki-xeber.com

1Mənbələr