AZ

Rusiyada fərari ovlayan hərbçi güllələndi

Rusiyanın Baykal diyarının Borzya şəhərində 34 yaşlı Konstantin Ektov — müqaviləli hərbçi və hissəni özbaşına tərk edən xidmətçilərin, fərarilərin axtarışı ilə məşğul olan operativ-əməliyyat qrupunun üzvü — qətlə yetirilib.

NOCOMMENT.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Lyudi Baykala” portalı məlumat yayıb.

Verilən məlumata əsasən, Ektov təkcə “SVO-dan qaçanları” saxlamırmış, həm də döyülmələrdə, axtarılan hərbçilərə və onların ailələrinə təzyiq göstərilməsində iştirak edirmiş. Yerli sakinlər işgəncələrdən danışıb, Qazimuro-Zavod rayonunda keçirilmiş son reydlərdən birində zərərçəkənlərdən biri Ektovu onu döyən adamlardan biri kimi tanıyıb.

Ektov əvvəlcə bir neçə dəfə məhkum olunub (soyğunçuluq və dələduzluğa görə) və genişmiqyaslı müharibədən əvvəl santexnik işləyib. 2023-cü ildə müqavilə bağlayıb cəbhəyə gedib, yaralandıqdan sonra isə Zabaykalda operativ-axtarış qrupunda işə düzəlib.

Qətldən üç gün sonra güc strukturları şübhəli şəxsi — 31 yaşlı Vladimir Popovu saxlayıb. Lakin o artıq saxlanılmadan öncə “Çita.ru” redaksiyasına video göndərərək qətli etiraf edib və etdiyi işi “onlarla insanın və ailənin həyatını xilas etmək” adlandırıb

Popovun sözlərinə görə, o Ektova pul verirdi ki, onu yenidən cəbhəyə qaytarmağa cəhd etməsin və ailəsinə toxunmasın. Lakin növbəti reyd zamanı Ektov onun evinə zorla girib və qapını vurmaqla Popovun 80 yaşlı nənəsini zədələyib.

“Başqa nə etməli idim? Hər bir kişi ailəsini qorumalıdır. Mən də buna görə belə davrandım”, – Popovun sözlərini “Lyudi Baykala” sitat gətirir.

Popovun özü də əvvəllər məhkum olunub: 2023-cü ildə o, 19 yaşlı SVO iştirakçısını qaçırıb döydüyünə, ondan pul tələb etdiyinə görə 7,5 il həbs cəzası alıb.

Sosial şəbəkələrdə yerli sakinlər Ektovu “arxa cəbhə siçanı” adlandırsa da, rəsmi nekroloqda onu “SVO-da həlak olmuş hərbçi” kimi təqdim ediblər. Dəfn mərasimi 2 dekabrda Maqadanda keçirilib.

Bütün bunlar Rusiyada əhali arasında kütləvi psixoloji vəziyyətin hansı vəziyyətdə olduğunu göstərir.

Seçilən
72
nocomment.az

1Mənbələr