Premyer Liqanın 14-cü turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmış “Qəbələ” – “Turan Tovuz” oyunu bu il keçirilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qeyd edilir ki, sözügedən matç 2026-cı ildə keçiriləcək. Belə ki, məsələ ilə bağlı PFL-in İdarə Heyətinin iclası keçirilib və oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər məsələlərlə əlaqədar müzakirələr aparılıb.
Qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL-in İdarə Heyəti bir sıra qərarlar qəbul edib.
Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılmış qarşılaşma yeni oyun kimi keçiriləcək və görüş 2026-cı ildə baş tutacaq.
Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılan oyun üçün qüvvədə olan cəzalar Azərbaycan Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.
Xatırladaq ki, “Qəbələ” – “Turan Tovuz” matçı dekabrın 8-də keçirilmiş, lakin əlverişsiz hava şəraiti səbəbindən yarıda qalmışdı.
