Bakıda məktəbin 8 şagirdi dərs zamanı özünü piss hiss edib, dərhal təcili tibbi yardıma müraciət olunub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda yerləşən 14 saylı tam orta məktəbdə qeydə alınıb.
Bəziləri uşaqların saqqızları marketdən, bəziləri isə məktəbin bufetindən aldıqlarını deyir. Hətta məktəbin qarşısına tez-tez yad, naməlum adamlar gəldiyini iddia edənlər də oldu. Onlar deyirlər ki, buna görə də uşaqların özlərini hansı səbəbdən pis hiss etmələri ciddi araşdırılmalıdır.
Məktəb direktoru Rəfail Hüseynov iddialarla bağlı açıqlama verib. Onun sözlərinə görə, uşaqlarla apardığı söhbət zamanı məlum olub ki, onlar kənar marketlərin birindən aldıqları saqqızı çeynəyiblər. Səhər saatları olduğundan isə yeməkxanaya getməyiblər.
Zəhərləndiyi bildirilən uşaqlardan birinin valideyni isə deyir ki, övladının səhhətində ciddi problem yaranmayıb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki təcili tibbi yardım briqadası tərəfindən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 nəfər, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə evə buraxılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.