AZ

“Ermənistan yeni geosiyasi şəraitdə balanslı xarici siyasət yürütməyə məcbur olub” - Şəhla Cəlilzadə

“Paşinyan Ermənistan hakimiyyətinə məhz siyasi reorientasiya həyata keçirmək üçün gətirilmişdi. Qarabağ müharibəsindəki məğlubiyyət isə bu istiqamətdə onun imkanlarını daha da genişləndirdi. O, Rusiyanı Ermənistanı müdafiə etməməkdə açıq şəkildə ittiham edərək əvvəlcə KTMT-də iştirakı faktiki olaraq dondurdu. Ardınca ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyası (yanvar 2025) imzalandı, Ermənistanın Aİ-yə inteqrasiyası məsələsi Parlamentin müzakirəsinə çıxarıldı və bu ilin martında müvafiq qanun qəbul edildi. Son günlərdə Aİ–Ermənistan arasında Strateji Gündəlik təsdiqləndi, Almaniya ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalandı. Başqa sözlə, 2018-ci il “məxməri inqilab”ından sonra Ermənistan Qərbə meyilli siyasətini açıq şəkildə ifadə etməkdə çətinlik çəkirdisə, 2022-ci ildən etibarən bunu aşkar şəkildə nümayiş etdirməyə başladı. Lakin Rusiyadan və İrandan gələn təhdidlər, yəni Rusiya Baş nazirinin müavini Overçukun Ermənistanın “Titanik kimi batırılması” barədə açıqlaması və İran rəsmilərinin İrəvan–Vaşinqton yaxınlaşmasını “qırmızı xətt” kimi qiymətləndirməsi fonunda, regionda yeni münaqişənin alovlanmaması üçün Paşinyan Ulu Öndərin balanslaşdırılmış xarici siyasət modelinə müraciət etdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Ermənistanın siyasi gələcəyi, regiondakı balans və qonşu ölkələrlə münasibətləri 2026-cı ilin iyununda keçiriləcək seçkilər fonunda yenidən aktuallaşır. Paşinyanın rəhbərliyi altında formalaşan “Real Ermənistan” konsepsiyası isə daxili siyasi proseslərlə və xarici siyasət strategiyaları ilə bir-birinə sıx bağlıdır. Bu kontekst ölkənin həm daxili sabitlik, həm də regional inteqrasiya baxımından qarşılaşacağı çətinlikləri və mövcud imkanları daha aydın anlamağa şərait yaradır. Hazırkı mərhələdə Ermənistanın Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstanla münasibətləri, eləcə də Qərb və ABŞ-la əlaqələri siyasi kursun uğurunu və davamlılığını müəyyən edən əsas amillər kimi ön plana çıxır.

Siyasi şərhçi qeyd edib ki, nəticədə Ermənistan hazırda regionda balans yaratmağa çalışır.

Seçilən
26
aznews.az

1Mənbələr