AZ

Üç ölkənin siyasi direktorları Bakıya xüsusi missiya ilə gəldilər...


Tural İsmayılov: “Bu səfər Benilüks ölkələrinin regiona diqqətini göstərir və qarşılıqlı dialoqun dərinləşdirilməsinə xidmət edir”

Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycana səfər edib. Bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər.

“Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları ölkələrimizin sülh gündəliyinə, konnektivliyə və Azərbaycanda iqtisadi inkişafa töhfə verməsini müzakirə etmək üçün Azərbaycana səfər ediblər. Faydalı müzakirələrə görə Hikmət Hacıyevə, Azərbaycan XİN-ə və Milli Məclisə təşəkkür edirik”, - məlumatda qeyd olunub.

Benilüks ölkələrinin Xarici İşlər nazirliklərinin siyasi direktorlarının bu səfəri Azərbaycan üçün nə dərəcədə önəmli sayıla bilər? Onlarla Azərbaycan tərəfin apardığı bu müzakirələrin sonrakı proseslərə hər hansı bir istiqamətdə hansı təsirləri mümkündür?

“...Azərbaycan–Aİ münasibətlərinin siyasi etimad baxımından güclənməsinə potensial təsir edə bilər”

Siyasi ekspert Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorlarının Azərbaycana səfəri diplomatik baxımdan əhəmiyyətli hesab edilə bilər: “Çünki bu səfər Benilüks ölkələrinin regiona diqqətini göstərir və qarşılıqlı dialoqun dərinləşdirilməsinə xidmət edir. Bu nümayəndə səviyyəsinin səfəri Aİ məkanında Azərbaycanın roluna marağın artdığını göstərir və Bakı ilə Aİ üzvləri arasında siyasi məsləhətləşmələrin daha intensiv olmasına imkan yaradır. Səfər çərçivəsində regional sülh gündəliyi, konnektivlik və iqtisadi inkişaf məsələləri müzakirə olunub ki, bu da Azərbaycanın regionda həm sülh, həm də əlaqəlilik təşəbbüslərinə töhfə vermək istəyini göstərir. Belə görüşlər Azərbaycan–Aİ münasibətlərinin siyasi etimad baxımından güclənməsinə potensial təsir edə bilər. Bununla yanaşı, Benilüks ölkələrinin maraqlarının və prioritetlərinin dinlənilməsi Azərbaycan üçün vacib geri dönüş mexanizmi rolunu oynayır. Bu dialoq həm iki tərəf arasında konkret əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həm də Aİ çərçivəsində daha geniş siyasi platformalar üçün zəmin yarada bilər. Siyasi direktorların səfəri həm də Azərbaycan diplomatiyasının Aİ ilə əlaqələrin idarə edilməsində peşəkarlığını nümayiş etdirir. Bu, Azərbaycana Avropa tərəfdaşları ilə sülh və təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlıq imkanı verə bilər”.

T.İsmayılovun fikrincə, bu cür səfərlər müzakirə olunan gündəlik üzrə anı münasibətləri deyil, uzunmüddətli əməkdaşlıq perspektivlərini formalaşdırmağa xidmət edir: “Aİ ölkələrinin Azərbaycanla dialoqa açıq olması, xüsusilə sülh və nəqliyyat layihələrində fikir mübadiləsinin aparılması, regiondakı proseslərə Avropa baxışının daha yaxından inteqrasiyasını təşviq edə bilər. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq mövqeyini gücləndirə və iqtisadi əlaqələrin genişlənməsinə təsir göstərə bilər. Belçika, Niderland və Lüksemburqun maraqlarının daha geniş şəkildə öyrənilməsi Azərbaycana Aİ daxilində dəstək mexanizmlərini aktivləşdirmək şansı verir. Son olaraq, bu səfər regional sülh gündəliyinə Avropa tərəfinin diqqətini çəkmək və praktik əməkdaşlıq mexanizmlərinin yaradılması üçün mühüm addımdır”.

İradə SARIYEVA

Seçilən
14
baki-xeber.com

1Mənbələr