AZ

Vüqar Bayramov şok rəqəm açıqladı - əmək müqavilələri ilə bağlı nə proses gedir...


Akif Nəsirli: “… iqtisadiyyatın kölgə hissəsi genişdir və burada işçilər tez-tez qeyri-rəsmi şəkildə çalışdırılır”

“Hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin ötən iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir: “Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-i müqavilə olmadan işləyir”.

Işləyən vətəndaşların 64 faizinin əmək müqaviləsinin olmaması onların vergidən yayınması deməkdir. Maraqlıdır, 64 faiz vətəndaşların əmək müqaviləsi niyə yoxdur?

“Əmək bazarında rəqabətin yüksək, maaşların isə aşağı olması şəraitində iş axtaranların bir hissəsi müqavilə tələb etmədən işləməyə razı olur”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əmək müqaviləsi olmadan çalışanların çox olması həm işəgötürənlər, həm də işçilər tərəfindən formalaşan səbəblərin nəticəsidir. İşəgötürənlər üçün müqavilə bağlamaq əlavə vergi, sosial sığorta ödənişləri, məzuniyyət və digər əmək öhdəlikləri deməkdir: “Bu isə xərcləri artırdığı üçün xüsusilə kiçik və orta müəssisələr rəsmi əmək münasibətlərindən yayınmağa üstünlük verirlər. Bir çox sahələrdə - ticarət, tikinti, xidmət sektoru kimi - iqtisadiyyatın kölgə hissəsi genişdir və burada işçilər tez-tez qeyri-rəsmi şəkildə çalışdırılır. Eyni zamanda bəzən işçilərin özləri də rəsmi müqavilə istəmirlər, çünki vergisiz şəkildə “əlbəəl” daha çox maaş alacaqlarını düşünür, sosial sığorta və pensiya sisteminə tam etibar etmirlər və ya işi müvəqqəti xarakter daşıyır. Nəzarət mexanizmlərinin və yoxlamaların bütün sahələri əhatə etməməsi də işəgötürənlər üçün risqləri azaldır və qeyri-rəsmi məşğulluğu davamlı edir. Bir çox iş yerlərinin gündəlik, mövsümi və ya qeyri-sabit olması da müqavilə bağlamaqdan yayınmağın səbəblərindəndir. Əmək bazarında rəqabətin yüksək, maaşların isə aşağı olması şəraitində iş axtaranların bir hissəsi müqavilə tələb etmədən işləməyə razı olur. Bütün bu faktorlar birlikdə iqtisadiyyatda yüksək qeyri-rəsmi məşğulluğun formalaşmasına gətirib çıxarır”.

Günel CƏLİLOVA

Seçilən
6
baki-xeber.com

1Mənbələr