AZ

Ukraynadan qayıdan rus döyüşçülər Rusiyada böyük təhlükə mənbəyinə çevriliblər...


Əli Mustafa: “Ukraynada qanlı müharibə uzandıqca, rus əsgərlərinin psixologiyası kütləvi şəkildə pozulur”

Cəbhədən qayıdan müharibə iştirakçıları min nəfərdən çox insanı öldürüb, ya da əlil ediblər. Amma 10 haldan 9-da məhkəmələr işləri yüngülləşdirici hal kimi qiymətləndirib.

Söhbət mülki həyata qayıdan Rusiya hərbçilərindən gedir – onlar ya məzuniyyətə göndəriliblər, ya yaralanıblar, ya da müqavilələri başa çatıb. Ukraynada işğalçı müharibə başlayandan cəbhədən qayıdan hərbçilərin hərəkətləri 551 nəfərin ölümünə səbəb olub: 274 nəfər qətlə yetirilib, 163 nəfər döyülmə, yaxud yol-nəqliyyat hadisələri nəticəsində ölüb. Bu cinayətləri törədən 142 nəfər müharibəyə koloniyalardan göndərilib, onların oxşar maddələr üzrə daha öncə də məhkumluqları olub. Bir qayda olaraq, qətl, ölümcül döyülmə halları sərxoş halda törədilən məişət münaqişələri nəticəsində baş verib. Ən çox zərərçəkənlər isə hərbçilərin qohumları və yaxınları olub.

Burada diqqəti çəkən məqam odur ki, hələ Ukraynada müharibə bitmədiyi halda Rusiyada cəbhədən qayıdanlar bir belə cinayətlər törədirlər. İndi gör müharibə dayanandan sonra kriminal zəmində cinayətlərin sayı nə qədər olacaq.

“Müharibə bitəndən sonra onların geri qayıtması bu kimi cinayətlərin sayının kəskin formada artmasına səbəb olacaq”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafa hesab edir ki, Rusiyanın bununla bağlı problemləri hələ qabaqdadır: “Statistika olduqca maraqlı statistikadır və bu sahədə olan ciddi problemlərdən xəbər verir. Nəzərə almaq lazımdır ki, müharibə hələ bitməyib, davam edir. Müharibə gedə-gedə müxtəlif səbəbdən qayıdan hərbçilər bu cinayətləri törədir. Bütün bunlar və ortada olan rəqəmlər onu deməyə əsas verir ki, müharibədən qayıdan insanların müəyyən qədər ciddi psixoloji problemləri olur. Bu, təkcə Rusiyaya xas olan problem deyil. Bütün müharibə aparan ölkələrdə belə problemlər cəmiyyətdə özünü göstərir. Onların yenidən mülki, dinc həyata adaptasiyası çox çətin olur. Bir sıra hallarda cəmiyyətdə gərginliklərlə, faciələrlə müşahidə olunur. Ukraynada qanlı müharibə uzandıqca, rus əsgərlərinin psixologiyası kütləvi şəkildə pozulur. Vəziyyəti mürəkkəbləşdirən həm də odur ki, Rusiya əsgərlərində motivasiya yoxdur. Çünki bu müharibə ölkəni qorumaq məqsədli yox, sadəcə işğalçı müharibədir. Müharibədə törədilən bir sıra vəhşiliklər əsgərlərdə psixoloji travmalara səbəb olur. Ona görə də onlar cəmiyyət içində özlərini apara bilmirlər. Bu da sonrakı dövrdə onların mülki həyatda cinayətlər törətməsinə səbəb olur. Rusiyada vəziyyəti bu dərəcədə kritikləşdirən həm də odur ki, müharibəyə göndərilənlərin müəyyən hissəsi cəza çəkmə müəssisəsindən göndərilən cinayətkarlardır. Müharibə müqabilində onlar cəzanın yerdə qalan hissəsindən azad edilirlər. Məhz onlar mülki həyata qayıdandan sonra daha ağır cinayətlər törədirlər. Hələ az sayda insanlar müharibədən qayıdır və bu qədər cinayət törədirlər. Hazırda bir milyondan çox Rusiya əsgəri bu və ya digər formada Ukraynada müharibədə iştirak edir. Müharibə bitəndən sonra onların geri qayıtması bu kimi cinayətlərin sayının kəskin formada artmasına səbəb olacaq. Bütün bunlar Rusiya cəmiyyətinə ciddi problemlər vəd edən məsələdir. Ancaq bunun səbəbi təkcə müharibə deyil. Rus cəmiyyətinin içkiyə meyli də belə cinayətlərin artmasında özünü göstərir. Bir sözlə, müharibə dayansa, əsgərlər mülki həyata qayıtsa, kriminal zəmində törədilən cinayətlərin sayı kəskin şəkildə artacaq. Bu statistika həm də rus cəmiyyətinin aynasıdır”.

Vidadi ORDAHALLI

Seçilən
6
baki-xeber.com

1Mənbələr