Sosial şəbəkələrdə yeni 3 min manatlıq əsginasın görüntüləri yayılıb.
Xezerxeber.az-ın məlumatına görə, əsginasın bir üzündə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəkli, digər üzündə isə Şuşa qalası əks olunub.
Yayılan məlumatlarla bağlı Mərkəzi Banka müraciət etdik.
Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, bu görüntülər saxtadır.
Namiq Əliyev yayılan bu kimi görüntülərə inanmamağı yalnız Mərkəzi Bankın rəsmi səhifələrindən məlumat almağı tövsiyə edib.
Onu da qeyd edək ki, saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Cinayət Məcəlləsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.