AZ

Paşinyanın yol xəritəsi: Qorxur, yoxsa çıxış yolu axtarır?

Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamasında Azərbaycanın gündəmində olan iki əsas məsələyə — “Qərbi Azərbaycan” və qarabağlı ermənilərin bölgəyə qayıtması ideyasına dair — ortaq “yol xəritəsi” hazırlanması təklifini irəli sürüb. Paşinyan bildirib ki, bu yol xəritəsi həm Qərbi Azərbaycan məsələsini, həm də qarabağlı ermənilərin geri dönüş ideyasını paralel şəkildə gündəmdən çıxarmağa imkan verəcək və tərəflər arasında gələcək münaqişə risklərini minimuma endirəcək. O, vurğulayıb ki, qarabağlı ermənilərin bölgəyə qayıtması artıq real deyil və Ermənistan bu mövzunun gündəmdə saxlanmasını təhlükəli hesab edir.
Bəs, Paşinyanın “ortaq yol xəritəsi” təklifini necə qiymətləndirirsiniz? Bu təklif Azərbaycan üçün qəbulolunmaz risklər və ya real diplomatik fürsətlər yarada bilərmi? Bundan başqa, Qarabağdan gələn ermənilərin Ermənistanda qalması üçün həyata keçirilən layihələr və qayıdışın reallığı fonunda bu mövzunun gündəmdən çıxarılması prosesinin mümkünlüyü nə qədərdir?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, əslində Azərbaycan diplomatiyası da buna nail olmaq üçün “Qərbi azərbaycanlılar” məsələsini gündəmə gətirmişdi. Çünki ermənilər iştirak etdikləri bütün beynəlxalq toplantılarda Qarabağ ermənilərinin öz dədə-baba yurdlarına qayıtmasını tələb edirdilər: “Azərbaycan isə buna cavab olaraq 1990-cı illərdə azərbaycanlıların Ermənistandan qovulduğunu əsas gətirir və onların da öz yurd-yuvalarına qayıtmasını tələb edirdi. Bu isə ermənilər üçün hələ 1990-cı illərdən qırmızı xətt idi. Çünki xüsusən Zəngəzur bölgəsinin böyük hissəsi etnik azərbaycanlıların yaşayış məskənləri olub və ermənilər bundan hər zaman narahatlıq keçiriblər. Onlar hesab edirdilər ki, Azərbaycan–Ermənistan konflikti yenidən alovlanarsa, Ermənistanın ən strateji əhəmiyyətli bölgəsi — Zəngəzur Azərbaycanın nəzarətinə keçə bilər. Məhz bu səbəbdən SSRİ dağılmamışdan əvvəl rəsmi İrəvan Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə başlayıb, nəticədə bu proses Azərbaycana da yayılıb və Qarabağ problemi ortaya çıxıb”.
Siyasi şərhçinin sözlərinə görə, 44 günlük müharibədən və 2023-cü ilin sentyabrında keçirilən 1 günlük anti-terror əməliyyatından sonra ermənilərin Qarabağa qayıdış məsələsini yenidən qaldırması fonunda rəsmi Bakının Qərbi Azərbaycan məsələsini gündəmə gətirməsi erməniləri şok vəziyyətinə saldı. Çünki bütün qaçqınların öz vətənlərinə qayıtması Ermənistanın ziyanına ola bilərdi: “Ermənilərin iddiasına görə, guya Qarabağda 100 min erməni yaşayırdı, halbuki yalnız 1988-ci ildə Ermənistandan qovulan azərbaycanlıların sayı 300 min nəfər idi və onların böyük qismi Zəngəzurda kompakt şəkildə yaşayırdı. Üstəlik, 20-ci əsrin müxtəlif dövrlərində Ermənistandan didərgin salınmış digər soydaşlarımızı da nəzərə aldıqda bu say daha da artır. Bundan əlavə, Qarabağın özündən 800 minə yaxın azərbaycanlı qaçqın düşmüşdü. Əgər “qaçqınların geri qayıtması” proqramı qəbul edilsəydi, Qarabağda 100 min erməni 800 min azərbaycanlının arasında demoqrafik olaraq əhəmiyyətini itirəcəkdi. Zəngəzura qayıdacaq 300 min azərbaycanlı (övladlarla birlikdə bu rəqəm 1 milyona çata bilərdi) bölgənin hakim etnik qrupuna çevriləcəkdi. Nəticədə Ermənistanın cənub hissəsi azərbaycanlılaşacaq və ölkə strateji əhəmiyyət daşıyan İranla sərhədini faktiki olaraq itirəcəkdi. Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 1990-cı illərdə keçirdiyi bir konfransda ölkəni gözləyən bu təhlükədən açıq şəkildə bəhs etmiş və erməni separatçılarını xalqımıza qarşı etnik təmizləməyə çağırmışdı”.
H.Oğuz qeyd edib ki, Paşinyanın təklif etdiyi “ortaq yol xəritəsi” Ermənistanı gözləyən demoqrafik və siyasi təhlükələrin qarşısını almaq strategiyasıdır. Levon Ter-Petrosyandan Paşinyana qədər Ermənistanda hakimiyyətə gələn bütün rəhbərlər bu təhlükəni görüb və etiraf ediblər: “Ermənilər bu problemi kökündən həll etmək üçün uzun illər “türk düşmənçiliyi” ideologiyasını formalaşdırıb və azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salmaqla bu siyasəti həyata keçiriblər. Lakin onların narahatlığı bu gün də bitməyib. Ermənistan ən azı üç tərəfdən — şərq, qərb və cənubdan türk xalqları ilə qonşudur. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq zərurəti onları qərb və şərq istiqamətində inteqrasiyaya məcbur edir. Əks halda, Prezident İlham Əliyevin ifadəsi ilə desək, “dalan ölkə” olaraq qalacaqlar. Bu inteqrasiya isə perspektivdə Ermənistanın daha da assimilyasiyaya uğraması — yəni regionda türklərin arasında “əriyib getməsi” ehtimalını artırır. Necə ki, hazırda Türkiyədə yaşayan ermənilərin böyük qismi artıq türkləşib. Eyni proses uzunmüddətli perspektivdə Ermənistan üçün də qaçılmaz görünür. Çünki Ermənistan qərbdə 80 milyondan çox, şərqdə 10 milyon, cənubda isə 35–40 milyon türklə həmsərhəddir və bu reallıqdan qaça bilmir. Özlərinin sayı isə cəmi 2,5 milyon təşkil edir və bu xüsusiyyətləri ilə regionun ən kiçik etnik qruplarından birinə çevrilirlər. Fikrimcə, ermənilər qarşılarına çıxan assimilyasiya və əhali balansının dəyişməsi təhlükəsinin fərqindədirlər. Levon Ter-Petrosyanın 1990-cı illərdə etdiyi və son illər yenidən gündəmə gələn çıxışı da bunu təsdiqləyir. Bu baxımdan, onlar üçün ən məqbul variant “mürgülü xatirələri oyatmamaq”, yəni geri dönüş mövzularını tamamilə gündəmdən çıxarmaq ola bilər”.
Seçilən
20
nocomment.az

1Mənbələr