AZ

Paşinyanın bic planı - "Oturaq, Qarabağ erməniləri barədə yol xəritəsi işləyək"...


Qarabağın keçmiş "baş separatçısı" Azərbaycana qayıtmaq hüquqları uğrunda mübarizəni davam etdirəcəklərini deyir. Bu fikirlər İrəvanda baş tutan dinləmələrdə səslənib. Özünü “Qarabağın prezidenti vəzifəsini icra edən” şəxs kimi təqdim edən Aşot Danielyan bildirib:

“Əsas məqsədimiz Qarabağ ermənilərinin qayıtması, orada təhlükəsiz yaşaması, gələcək siyasi statusunu öz müqəddəratını təyinetmə əsasında müəyyən etmək hüquqlarını reallaşdırmaqdır”.

Dinləmələrə müxalif siyasətçilər, ictimai fiqurlar qatılıb. Danielyanın sözlərinə görə, Qarabağ ermənilərinin qayıdış uğrunda mübarizəsində “yeni fəsil” açacaqlar. Amma o, konkret hansı addımları nəzərdə tutduğunu deməyib. Bütün bunlar o fonda baş verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan qaçqınların qayıdışı mövzusunu sülh prosesinə təhlükə saydığını bildirib. Bu fonda Nikol Paşinyan Bakıya birgə şəkildə yol xəritəsi hazırlamağı və bununla paralel olaraq Qarabağ məsələsini bağlamağı təklif edir. Azərbaycanın Xarici İşlər Nazirliyinin son bəyanatını şərh edərkən Paşinyan bildirib: “Deyirəm, gəlin oturaq, tədbirlərin yol xəritəsini hazırlayaq ki, bu mövzunu necə gündəmdən çıxarmağı anlayaq. Bu mövzunun gündəmdən çıxarılması uzunmüddətli perspektivdə istənilən münaqişə vəziyyətinin istisna olunması deməkdir”. Xatırladaq ki, Azərbaycan XİN Brüssel şəhərində keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənədə sərt etiraz bildirib. Qeyd edilir ki, burada postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsinə cəhd olunub. Bildirilir ki, növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir: “Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların “qaçqın” statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir. Həmçinin sənədin regionda normallaşma proseslərinə Aİ-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur”.

Paşinyanın sözlərinə görə, bu həssas mövzudur. Bununla belə o, Qərbi Azərbaycan narrativini qəbul etmir: “Əgər biz bir-birimizin ərazi bütövlüyünü tanımışıqsa, deməli, bunu tam şəkildə həyata keçirməliyik. Mən yolu belə görürəm”. Bununla yanaşı, Paşinyan Ermənistandakı müxalif qüvvələrin ritorikasını da tənqid edib. Onlar iddia edirlər ki, Qarabağ məsələsi bağlanmayıb və Qarabağ ermənilərinin qayıtmaq hüququ var: “Mən Qarabağdan olan bizim insanlara da demişdim ki, onların qayıdışı real deyil. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu o deməkdir ki, yenidən Qarabağ hərəkatına başlayırıq. Mən isə artıq bildirmişdim ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Qarabağ hərəkatı başa çatıb, onu yenidən diriltmək cəhdləri fayda verməyəcək”. Baş nazirin fikrincə, əgər erməni tərəfi Qarabağ məsələsinin həll olunmadığını deyirsə, bu, yeni müharibə deməkdir: “Qarabağ məsələsinin davam etdirilməsi yeni müharibə, yeni qurbanlar, yeni əzablar, yeni blokada və onun gözlənilməz nəticələri deməkdir. Kim deyir Qarabağ məsələsi bağlanmayıb, mahiyyət etibarilə belə deyir ki, Ermənistan yeni müharibəyə başlamalıdır”. Bundan öncə də Paşinyan vurğulayıb ki, Qarabağ hərəkatı Ermənistanın müstəqilliyi və suverenliyi üçün dağıdıcıdır. Həmçinin o qeyd edib ki, Ermənistanı zəif salan və onu müstəqillikdən məhrum edən bu qondarma hərəkat çoxdan sona çatmalı idi: “Bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısının alınması üçün bir vasitə idi, təəssüf ki, biz bunu çox gec dərk etdik”.

Qərbi Azərbaycan məsələsi isə fərqli mövzudur. Ermənistan azərbaycanlıların mədəni irsinin bərpasına, onların qayıdışına şərait yaratmaqla iki ölkə arasında düşmənlik səhifələrinin qapadılmasına da təkan verər. Bu, həm də azərbaycanlılarla erməni cəmiyyətlərinin bir-birinə etibar və etimadın yaranmasına, dinc yanaşı yaşamağa yardım edər. Azərbaycan indiki vəziyyətdə tərəflərin maraqlarını nəzərə alaraq bunun sülh, dialoq, müzakirələr yolu ilə həllinə çalışır. Belə davranış, niyyət ölkələr arasında sülh prosesinə, normallaşmaya xidmət edir.

Samirə SƏFƏROVA

Seçilən
25
baki-xeber.com

1Mənbələr