AZ

Azərbaycan nefti Ermənistanda siyasi prosesləri idarə etməyə başlayır...


Azərbaycandan Ermənistana neft və neft məhsullarının göndərilməsi xeyli vaxtdır ki, mühüm müzakirə predmeti olaraq qalır. Xatırladaq ki, bunu ilk dəfə olaraq Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Qətərdə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistana neft və neft məhsulları göndərməsi ilə bağlı danışıqlar iki tərəf arasında Qəbələdə müzakirə olunub.

Artıq Gürcüstan da ilk dəfə üçün Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə pulsuz daşınacağını bildirib. Gürcüstan İctimai televiziyasının xəbərinə görə, Gürcüstan hökuməti tərəfdaş ölkələrdən Azərbaycan yanacağının Gürcüstan vasitəsilə Ermənistana daşınması ilə bağlı müraciət alıb. Bu barədə Ermənistanın “Past” nəşri də yazır ki, Gürcüstan təkcə medianın yaydığı “gömrük maneələri Azərbaycandan Ermənistana dəmir yolu ilə yanacaq nəqlinə əngəl olur” məlumatını təkzib etməyib, həm də bəyan edib ki, Azərbaycan neft məhsullarını Ermənistana bir dəfəlik pulsuz daşıyacaq: “Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, dekabrın 5-də Gürcüstan hökuməti tərəfdaş ölkələrdən öz ərazisi ilə Azərbaycandan Ermənistana yanacağın bir dəfəlik tranziti barədə müraciət alıb. Baş nazir İrakli Kobaxidze dərhal həmin yükün dəmir yolu ilə birdəfəlik və tamamilə⁹ pulsuz daşınması barədə göstəriş verib. Qərar barədə rəsmi tərəflər məlumatlandırılıb. Tiflis bildirir ki, Gürcüstan Ermənistan və Azərbaycanın strateji və etibarlı tərəfdaşı olub və olaraq qalır, həmçinin regionda sülhə və sabitliyə dəstək verir. Azərbaycanın ərazisi ilə qazax və rus taxılının daşınmasından sonra artıq texniki baxımdan yalnız zaman məsələsi idi ki, nə vaxt Azərbaycan neft məhsulları da Ermənistana daşınacaq. Məlumatlarımıza görə, neft məhsullarının satışında hakimiyyətə yaxın oliqarx, deputat Xaçatur Sukiasyan yüksək maraq göstərir və onun şirkəti kifayət qədər keyfiyyətli Azərbaycan neft məhsullarının Ermənistana daşınması ilə faktiki olaraq məşğuldur”. O da qeyd edilir ki, Azərbaycan benzininin Ermənistanda ümumi benzinin qiymətinə necə təsir göstərəcəyi hələ ki, demək çətindir: “Məsələ burasındadır ki, Azərbaycanda benzinin 1 litri 0,6 dollara, Ermənistanda isə 1,36 dollara satılır. Lakin nəzərə alınmalıdır ki, həm tranzit xərcləri, həm logistika problemləri (yanacaq əvvəlcə Gürcüstana, oradan isə Ermənistana daşınmalıdır), həm də gömrük rəsmiləşdirilməsi mövcuddur. Çünki Rusiya və digər Aİİ ölkələri ilə müqayisədə gömrük prosedurları yoxdur, amma Azərbaycandan Ermənistana mal gətirilərkən gömrük ödənişləri kifayət qədər yüksəkdir. Bundan başqa, benzinin bazarında mövcud olan qeyri-rəsmi razılaşmalar da ciddi təsir göstərir. Başqa sözlə, ən yaxşı halda benzinin qiyməti cüzi şəkildə aşağı düşə bilər və təbii ki, Ermənistan hökuməti bunu “suverenlik və iqtisadi müstəqillik” kontekstində təqdim edəcək. Aydındır ki, hakimiyyət Azərbaycandan Ermənistana benzin gətirilməsində maraqlıdır və məsələ bir dəfəlik proseslə bitməyəcək”.

Məsələ ilə bağlı “Jamnyus” qəzeti yazır ki, Azərbaycan hakimiyyəti neft anlaşmasını reallaşdırsa da, bunu yüksək səslə elan etməyə tələsmir. Rəsmi açıqlamalar çox ümumi saxlanılır, ölkə daxilində media bu xəbəri geniş yaymır: “Görünən budur ki, hökumət illərdir davam edən anti-Ermənistan ictimai rəyini nəzərə alır: 2020-ci ildə torpaqlarını hərbi yolla geri alan, hələ yekun sülh müqaviləsi imzalamayan Azərbaycan cəmiyyəti üçün qarşı tərəfə yanacaq satmaq paradoksal görünə bilər. Müşahidəçilər qeyd edirlər ki, Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi üçün möhkəm siyasi-hüquqi zəmin formalaşmayıb, bu səbəblə belə alış-veriş cəmiyyətdə geniş müzakirələrə yol açıb. Hətta hökumətyönlü media bunu “humanitar jest” kimi təqdim etsə də, hökümətə yaxın tənqidçilər sual edir: “Ortada sülh sazişi olmadan, Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına iddialar qalarkən, biz onlara yanacaq satırıqsa, sabah müharibə yenidən başlayarsa, həmin yanacaq ordumuza qarşı istifadə olunmayacağına kim zəmanət verə bilər?”. Bu məsələ regionun üçüncü ölkəsi Gürcüstanı da siyasi gündəmə gətirdi. Azərbaycanın Ermənistana yanacaq göndərə bilməsi üçün yeganə tranzit marşrutu Gürcüstandan keçir. Çünki iki qonşu arasında birbaşa dəmir yolu əlaqəsi 30 ildir kəsilib. Ermənistan hökuməti də bu məsələyə ehtiyatla yanaşır. Rəsmi açıqlamalarda birbaşa “Azərbaycan nefti alırıq” demək əvəzinə, Ermənistan İqtisadiyyat Nazirliyi bildirir ki, Gürcüstanla belə bir tranzit müzakirəsi aparılıb və Gürcüstan ilk göndəriş üçün tarif tətbiq etməyəcəyini rəsmi qaydada onlara çatdırıb. Yəni fokus Azərbaycandan çox Gürcüstanın jestinə yönəldilib. Bununla belə, Ermənistan tərəfi də faktiki razılaşmanı təsdiqləyir. Nazir Gevorq Papoyan bəyan edib ki, “əgər belə tranzit baş tutsa, ilk mərhələdə rüsum alınmayacaq, sonrakı hallarda isə adi tranzit ödənişləri tətbiq ediləcək”. Papoyan Gürcüstanın bu addımını “simvolik jest” adlandıraraq alqışlayıb. Bu ilin noyabrında Ermənistan ilk dəfə Azərbaycan üzərindən taxıl idxal edib, dekabrda isə yanacaq məsələsi gündəmdədir. Baş Nazir Paşinyan bunu ölkəsi üçün iqtisadi fürsət kimi təqdim edə bilər. Ancaq Ermənistan daxilində də müxalif dairələr bu cür yaxınlaşmaları birmənalı qarşılamır. İndi Azərbaycan benzini və dizeli almaq qərarı Ermənistanın enerji təchizatında Rusiyadan asılılığı qırmaq cəhdi sayıla bilər. Bu, Qərblə yaxınlaşan Paşinyan üçün həm iqtisadi, həm də geosiyasi dividendlər vəd edir. Hakim “Vətəndaş Müqaviləsi” partiyası 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılan parlament seçkiləri öncəsi Rusiya təzyiqini azaltmaq istəyir. Yeni enerji diversifikasiyası Moskvanın rıçaqlarını zəiflədə bilər. Üstəlik, Paşinyan hakimiyyəti seçkidə qalib gəlsə, Ermənistanın Rusiya təsirindən qurtulmaq kursu güclənəcək və Azərbaycanla sülh sazişini imzalamaq ehtimalı artacaq. Göründüyü kimi, Bakı-Yerevan neft anlaşmasının siyasi əhəmiyyəti təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, o, həm də regionda Rusiya, ABŞ və Gürcüstanın yer aldığı böyük geosiyasi oyunun bir hissəsidir”. Rusiyalı enerji eksperti Boris Martsinkeviç isə qeyd edir ki, İrəvan Azərbaycandan potensial neft məhsulları idxalının iqtisadi səmərəliliyini ölçüb-biçməlidir: “Məncə, bu, iqtisadiyyatın üstünlük təşkil etdiyi bir işdir. Logistik baxımdan əlverişlidir, amma təklif olunan qiymətlər və şərtlər, orada gizlədilən və dərhal görünməyən nələrsə olub-olmadığını diqqətlə araşdırmaq lazımdır”. Martsinkeviçin sözlərinə görə, Ermənistanın Azərbaycan neft məhsullarından asılılığının qarşısını almaq üçün tədarükçüləri diversifikasiya etmək lazımdır: “Məsələn, Çində heç bir təchizatçı bütün neft, qaz və digər idxalın 20%-dən çoxunu tədarük etməməlidir. Fikrimcə, bu, çox düzgün yanaşmadır”. Onun sözlərinə görə, Bakı neft emalı zavodu tam gücü ilə işləmir, hasilatı artırmaq potensialı var, lakin bu, çox güman ki, ağır neft tədarükü ilə bağlı Rusiya ilə razılığa gəlməyi tələb edəcək: "Azərbaycan neft emalı zavodunda benzin, dizel və mazut istehsal edə bilmək üçün lazımi qarışıq əldə edilməlidir. Qazaxıstan nefti bir variant ola bilər, lakin bu halda onun tankerlə dənizlə daşınması o qədər də əlverişli deyil”.

Tahir TAĞIYEV

Seçilən
7
baki-xeber.com

1Mənbələr