AZ

Maykl Olise – Bundesliqada noyabrın ən yaxşı futbolçusu! – ARENA.AZ

“Bayern”in fransalı cinah hücumçusu Maykl Olise futbol üzrə Almaniya Bundesliqasında noyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Olise səsvermədə Deniz Undav (Ştutqart), Vouter Burger (Hoffenhaym), Yan Diomande (Leypsiq), Danilyo Doexi (Union Berlin) və İbrahim Maza (Bayer) kimi futbolçuları qabaqlayıb.

Fransalı futbolçu ötən ay keçirdiyi 6 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Bundesliqada avqust ayının da ən yaxşısı Olise seçilmişdi. Sentyabrda Münhen təmsilçisinin digər hücumçusu Harri Keyn fərqlənmişdi. Oktyabrda isə “Ayntraxt”ın mərkəz hücumçusu Yonatan Burkardt ən yaxşı elan edilmişdi.

“Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində 78 oyuna çıxıb, 29 qol və 37 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 13 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
27
2
arena.az

10Mənbələr