AZ

Antidepresanların dayandırılması üçün ən effektiv yol müəyyən edilib

Antidepresan dərmanların psixoloji dəstəklə müşayiət olunan tədricən azaldılması, depressiyanın residivinin qarşısını almaqda, dərmanların davamlı istifadəsi qədər təsirli ola bilər. Bu nəticəyə 76 randomizə edilmiş klinik sınağın nəticələrini təhlil edən tədqiqatçılar gəlib.

Editor.az xəbər verir ki, araşdırma The Lancet Psychiatry jurnalında dərc olunub.

Tədqiqat müəllifləri vurğulayırlar ki, bu nəticələr antidepresanların “lazımsız” olduğunu göstərmir. Əksinə, araşdırma onların effektivliyini bir daha təsdiqləyir. Bununla belə, remissiyaya uğurla nail olmuş və yan təsirlərə görə, yaxud uzun müddət dərman qəbul etmək istəmədiyi üçün müalicəni dayandırmağı düşünən xəstələr üçün təhlükəsiz alternativ yanaşmalar mövcuddur. Əsas şərt dozanın mərhələli şəkildə azaldılması və mütləq psixoloji dəstəyin təmin edilməsidir.

Meta-analiz bir il ərzində müşahidə edilən, depressiya və ya narahatlıq pozuntusu səbəbilə qismən və ya tam remissiyada olan 17 379 yetkinin məlumatlarını əhatə edib. Tədqiqatçılar beş yanaşmanı müqayisə ediblər: antidepresanların qəfil dayandırılması (platsebo ilə əvəzləməklə), dozanın sürətli azaldılması (4 həftə və ya daha az), dozanın tədricən azaldılması (4 həftədən çox), dərman tam dayandırılmadan dozanın yüngülləşdirilməsi və standart müalicənin dəyişmədən davam etdirilməsi.

İki strategiya ən yaxşı nəticə göstərib: psixoloji dəstək fonunda dozanın tədricən azaldılması və antidepresanların standart dozada davamlı qəbulu. Hər iki yanaşma residivlərin qarşısının alınmasında bir-birinə bənzər effektivlik nümayiş etdirib.

Hesablamalara görə, psixoterapiya dəstəyi ilə antidepresanların mərhələli şəkildə dayandırılması, qəfil dayandırılma və ya sürətli azalma ilə müqayisədə hər beş xəstədən birində residivin qarşısını alır.

Maraqlıdır ki, hətta sadəcə dozanın azaldılması belə dərmanların qəfil dayandırılmasından daha təsirli olub. Bundan əlavə, psixoterapiyanın tətbiqi bütün müalicə strategiyalarının nəticələrini yaxşılaşdırıb, baxmayaraq ki, bu istiqamətdə sübutların keyfiyyəti nisbətən aşağıdır.

// Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr