AZ

Azərbaycanın bu gün çatdığı məqam Heydər Əliyevin qoyduğu təməllərin nəticəsidir



"Bu gün Heydər Əliyevin vəfatının ildönümüdürş 1992-ci ildə Azərbaycana ilk dəfə gələndə ölkə yeni müstəqillik qazanmışdı. Ancaq bu müstəqillik böyük əzab-əziyyətlə sınağa çəkildi. Demək olar ki, hər gün bir şəhər, bir qəsəbə, bir kənd işğal edilirdi. Hər bir işğaldan sonra minlərlə insan öz evini, yurdunu, xatirələrini tərk etmək məcburiyyətində qalırdı".

Newscenter.az xəbər verir ki, bunları Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfirat səsləndirib. O bildirib ki, işğal sadəcə coğrafiyanın itkisi deyildi. İnsanlar bağlarını, bağçalarını, məzarlarını, qonşularını, uşaqlıqlarını, toylarını, bayramlarını geridə qoyub gedirdilər:

"Kimi anasını, kimi övladını, kimi bacı-qardaşını orada qoyub Bakıya və başqa şəhərlərə sığındı. Bu böyük ağrı qısa müddətdə bütün Azərbaycana yayıldı.

Həmin illərdə Azərbaycan təkcə xaricdən işğala uğramırdı, daxildə də dərin qeyri-sabitlik var idi. Çevrilişlər, iğtişaşlar, xarici təzyiqlər və bölünmə təhdidləri ölkəni dağılmaq həddinə gətirmişdi. Bəzi dairələr bu qarışıqlıqları daha da alovlandırırdə və ölkənin zəifləməsi başqalarının xeyrinə idi".

TUİB sədri qeyd edib ki, belə bir vəziyyətdə, ölkənin ən çətin günlərində Heydər Əliyev hakimiyyətə gəldi:

"Təcrübəsi, səbri və dövlət zəkası ilə ilk növbədə daxili nizamı təmin etdi. Azərbaycanı parçalanmaqdan xilas etdi. Dövləti dağılmaqdan xilas edərək onu yenidən ayaq üstə tutdu.

“Əsrin müqaviləsi” ilə Azərbaycan dünya enerji sisteminin mühüm hissəsinə çevrildi. Şərq və Qərb, Rusiya və Amerika, Avropa və region ölkələri arasında böyük balans siyasəti yürüdüldü. Nə öz ölkəsini tək qoydu, nə də onu başqalarına təhvil verdi".

Hüseyn Böyükfırat deyib ki, Azərbaycanın bu gün çatdığı məqam Heydər Əliyevin qoyduğu təməllərin nəticəsidir:

"Qarabağ Zəfəri isə Onun illər öncə qurduğu vizyonun tamamı idi. İham Əliyev atasından aldığı bu mirası möhkəm davam etdirdi, Azərbaycanı güclü, nüfuzlu və bölgədə söz sahibinə malik bir ölkəyə çevirdi.

Heydər Əliyev çətin günlərin lideri idi. Dövləti quran, onu qoruyan və gələcəyə aparan bir lider idi. Azərbaycan bu gün ayaqda durursa və güclü dövlət kimi yoluna davam edirsə, bunun təməlində Heydər Əliyevin zəhməti və uzaqgörənliyi dayanır.
Lütf, hörmət və minnətdarlıqla anırıq".

Süleyman
Seçilən
50
1
newscenter.az

2Mənbələr