AZ

Məhkəmələrdə inqilab: Özəl ekspertiza dövrü başlayır!

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətəndaşların illərlə narazı qaldığı rəy sistemi dəyişir

Ölkədə özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyası”nda əksini tapıb. Konsepsiyaya əsasən, özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyəti nəticəsində məhkəmə ekspertizası sahəsində alternativlik təmin ediləcək. Özəl məhkəmə ekspertizası institutunun fəaliyyət dairəsi genişlənəcək. Bununla da məhkəmə ekspertizası xidmətlərinə əlçatanlıq artacaq, rəqabətli mühiti şəraitində ekspertiza sahəsinin inkişafına nail olunacaq. 

Özəl məhkəmə ekspertiza institutunun məhkəmə-hüquq sisteminə faydası nədən ibarətdir? Hüquqşünas Mehman Muradlı “Şərq”ə açıqlamasında bildirdi ki, bu məsələ 2019-cu ildən gündəmə gəlmiş mövzudur. 2019-cu ildə Milli Məclisin plenar iclasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində qanunvericilik paketi hazırlanıb. Qanunvericilik paketində ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılması əksini tapırdı. Özəl, kommersiya məhkəmə ekspertizalarının yaradılmasının hüquqi təməli 2020-ci ildə qoyulub. Bu layihənin hazırlanmasında əlaqədar qurumların rəyləri nəzərə alınıb, beynəlxalq təcrübə öyrənilib. Qanun layihələrinə əsasən, məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınır: 

- Qanun layihələri paketinə daxil olan ikinci mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsidir. Təklif edilən dəyişikliklərə əsasən, yeni bir hüquqi institut – özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. Layihəyə əsasən mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək. Cinayət işlərində məhkəmə ekspertizası yalnız dövlət tərəfindən həyata keçirilir. Amma bir sıra digər sahələr var ki, orada özəl məhkəmə ekspertizası aparıla bilir. Bu, alternativ məhkəmə ekspertizasıdır. Bunu qeyri-dövlət qurumu olan kommersiya qurumları həyata keçirir. Dünya praktikasında bundan istifadə olunur və müəyyən sahələri əhatə edir. Məsələn, qiymətləndirmə işlərində, mülki məsələlərdə, inzibati xətalarda özəl məhkəmə ekspertizasına müraciət oluna bilər. Hazırda bizdə ekspertizalar əsasən Ədliyyə Nazirliyi yanında məhkəmə ekspertizası tərəfindən həyata keçirilir. Amma özəl məhkəmə ekspertiza institutunun yaradılması məhkəmə işlərinin baxılmasına ciddi təsir edəcək. Alternativ ekspertizadan söhbət gedirsə, işin içində alternativ ekspertiza varsa dövlət orqanı da məcbur olacaq bu rəyi nəzərə alsın. Ən çox da avtoqəzalarda verilən rəylər vətəndaşlar arasında narazılıq yaradır. Sürücülər narazı qalır. Bu cür mübahisəli məsələlərin həllində özəl məhkəmə eksperrtizası faydalı olacaq. Bu, gündəmdə olan məsələ idi. Cənab Prezidentin fərmanı ilə təsdiqlənməsi məhkəmə sistemində hüquqi islahatlara geniş yer ayrıldığını göstəirir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
sherg.az

1Mənbələr