Yeni qanun dəyişiklikləri elektron siqaret dövriyyəsinə ciddi məhdudiyyətlər gətirir...
Poliqon xəbər verir ki, Meksika Senatı ölkənin ümumi səhiyyə qanununa edilən dəyişiklikləri qəbul edib. Yeni düzəlişlərə əsasən, veyp və elektron siqaretlərin istehsalı və ya satışı səkkiz ilədək azadlıqdan məhrumetmə və 12,5 min dollara qədər cərimə ilə cəzalandırıla bilər.
Reuters Agentliyinin məlumatına görə, bu dəyişikliklər daha əvvəl Meksika Konqresinin aşağı palatası tərəfindən də təsdiqlənib və indi ölkə prezidentinin yekun təsdiqini gözləyir. Agentlik qeyd edir ki, Meksika prezidenti Klaudiya Şeinbaum uzun müddətdir veyplərin və elektron siqaretlərin qadağan edilməsinin tərəfdarıdır və dəfələrlə bu mövqeyini açıq şəkildə ifadə edib.
Hazırda yeni qadağaların qüvvəyə minmə tarixi açıqlanmayıb. Bununla belə, hökumət rəsmiləri bildirirlər ki, qanunun məqsədi ölkədə xüsusilə gənclər arasında sürətlə yayılan veyp istifadəsinin qarşısını almaq və ictimai sağlamlığı qorumaqdır.
Poliqon.info