Azərbaycanın İordaniyadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə İordaniyada yaşayan Azərbaycan diasporunun çoxsaylı nümayəndələri iştirak edib.
Hafta.az xəbər verir ki, mərasim Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyətinin əsas istiqamətləri və onun ölkəmizin inkişaf tarixində oynadığı müstəsna rol barədə geniş məlumat verib. O, Heydər Əliyevin düşünülmüş, praqmatik və strateji baxışlara əsaslanan siyasətinin, yüksək idarəçilik məktəbi və dövlətçilik fəlsəfəsinin müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasını təmin etdiyini vurğulayıb. Məhz Ulu Öndərin müəllifi olduğu inkişaf konsepsiyası sayəsində Azərbaycan siyasi sabitliyə nail olub, ölkəmiz regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınıb.
Ş.Abdullayev hüquqi dövlət quruculuğu, balanslaşdırılmış xarici siyasətin formalaşdırılması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsinin Ümummilli Liderin uzaqgörən siyasətinin əsas istiqamətlərini təşkil etdiyini bildirib. Bu gün ölkənin davamlı inkişaf strategiyasının mərkəzində Heydər Əliyevin dövlətçilik ideyalarının dayanması, həmin siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilməsi nəticəsində ölkəmizin regionun aparıcı dövlətinə çevrildiyi qeyd edilib.
Səfir Şahin Abdullayev 2003-cü ildən başlayaraq həyata keçirilən genişmiqyaslı islahatlar, sosial-iqtisadi inkişaf proqramları, müasir infrastrukturun qurulması, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, habelə Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin güclənməsinin Ulu Öndərin əsasını qoyduğu siyasi kursun məntiqi davamı olduğunu diqqətə çatdırıb. Sözügedən nailiyyətlər sayəsində ölkəmizin beynəlxalq nüfuzu artıb, iqtisadi sabitlik və sosial rifah təmin olunub, Azərbaycan dünyada söz sahibi olan müasir dövlətə çevrilib.
Tədbirdə, həmçinin Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasi xətt və ordu quruculuğu konsepsiyasının Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmasının ideoloji və praktiki əsasını təşkil etdiyi vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi bu qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, Ulu Öndərin “Güclü dövlət, qüdrətli ordu” prinsipinin nə qədər uzaqgörən olduğunu bir daha sübut edib. Bu Zəfər müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməllərə söykəndiyini və Heydər Əliyev ideyalarının bu gün də ölkəmizin inkişafında rəhbər tutulduğunu təsdiqləyib.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və çoxşaxəli fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.