Aİ rəhbərliyi Vaşinqtonun yeni təhlükəsizlik strategiyasındakı ittihamlara cavab verib...
Poliqon xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin Avropa ölkələrindəki seçkilərə və demokratik proseslərə müdaxilə etməməli olduğunu bəyan edib. Onun sözlərinə görə, liderlərin kim olacağına qərar verən yalnız həmin ölkələrin vətəndaşlarıdır və seçicilərin suveren iradəsi qorunmalıdır.
Politico qəzetinin məlumatına görə, fon der Lyayen bu fikirləri ABŞ-nin 5 dekabrda təqdim edilən yeni milli təhlükəsizlik strategiyasına münasibət bildirərkən səsləndirib. Həmin sənəddə Vaşinqton Avropa hökumətlərini “müharibəyə real olmayan gözləntilər bağlamaqda” və “müxalifəti boğmaq üçün demokratiyanın əsas prinsiplərini pozmaqda” ittiham edir. Aİ rəhbəri isə buna cavab olaraq Avropanın “Demokratiya Qalxanı” təşəbbüsünü xatırladıb. Bu təşəbbüs seçkilərin xarici müdaxilədən qorunmasına yönəlib və birliyin demokratik institutlarını möhkəmləndirməyi hədəfləyir.
Fon der Lyayen bildirib ki, ABŞ prezidentləri ilə “həmişə çox yaxşı işgüzar münasibətləri” olub və bu münasibətlərin indi də davam etdiyini qeyd edib. Bununla belə, o vurğulayıb ki, Avropa öz problemlərini həll etməyə fokuslanmalı, özünü digərləri ilə müqayisə etməyə çalışmamalıdır.
Poliqon.info