AZ

Türk dünyasının siyasət və dövlət dahisi

İnsan ömrü yalnız illərin toplusu deyil, həm də bir dəyərdir, örnəkdir, nümunədir. Ömrünə məna verənlər həm özlərini yaşadır, xatırlanır, həm də fəaliyyətləri, amalları, əməlləri ilə başqalarına yol göstərir, uğur qazandırırlar.

Taleyini xalqa bağlayanlar, həyatını vətənin inkişafına, azadlığına, müstəqilliyinə həsr edənlər sağlıqlarında sevindikləri, etimada, hörmətə layiq görüldükləri kimi, dünyalarını dəyişdikdən sonra da unudulmurlar, daim xatırlanır və yad edilirlər.

Bu, vətən, xalq yolunda həyatını qurban verənlərin haqqıdır və həm də xalqın öz övladlarına, şəxsiyyətlərinə daim ehtiramının ifadəsidir. Azərbaycan xalqı bu keyfiyyətləri ilə öz böyüklüyünü nümayiş etdirməklə bərabər, yaxşını yamandan, arifi nadandan, dostu düşməndən seçmək bacarığına malik olduğunu təsdiq edir.

Ulu Öndərimiz Heydər Əliyevin şəxsiyyətinə, fəaliyyətinə, bəşəri ideyalarına verilən qiymətdə, xalqın öz rəhbərinə sonsuz məhəbbətində, sədaqətində bunu aydın görür və hiss edirik. Dahi rəhbər hər an, hər saat, hər gün anılır, yad edilir və öz ideyaları ilə Azərbaycanı sevən hər bir kəsin evinin qonağı olur, qəlbinin sakini, dilinin əzbərinə çevrilir.

Bu səbəbsiz deyil. Çünki Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının inkişafına, səadətinə, xoşbəxtliyinə, respublikanın tanıdılmasına, şöhrətlənməsinə, sözünü deməyə qadir olmasına sərf etmiş, hakimiyyətdə olduğu illərdə etdiyi inqilabi dəyişikliklər, islahatlar, yenidənqurmalarla, siyasi gedişlərlə yeni bir tarix yaratmışdır, yazmışdır.

1969-cu ildə Azərbaycana rəhbərliyə gələn Heydər Əliyev respublikanı iqtisadi-mənəvi böhrandan xilas etmiş, geridə qalan bir respublikanı ittifaqın qabaqcılları sırasına çıxarıb əhalinin sosial rifahını yaxşılaşdırmış, mənəvi həyatı zənginləşdirmiş, öz düşüncələri, əməlləri ilə hər bir insan üçün nümunə mənbəyi yaratmışdır. 

Bu təşkilatçılıq, idarəetmə, xeyirxahlıq, sədaqət, hörmət, insana qayğı, dəyər, ehtiram nümunəsidir. Prinsipiallığın, iradənin, qətiyyətin, savadın, qabiliyyətin bu nümunələrlə sintezi Heydər Əliyevi nəinki xalqımıza, bütün dünyaya müdrik, uzaqgörən, vətənini sonsuz məhəbbətlə sevən, onun taleyi yolunda bütün səy və bacarığını əsirgəməyən bir siyasətçi, rəhbər kimi təqdim etmişdir. Məhz bu keyfiyyətlərin nəticəsində Heydər Əliyev Sovet İKP MK Siyasi Bürosunun üzvi seçilmiş, SSRİ Nazirlər Sovetinin birinci müavini kimi yüksək bir vəzifəyə irəli çəkilmiş və o, ittifaq rəhbərləri arasında öz siyasi mövqeyinə, fəaliyyətinə görə daha çox seçilmiş, tanınmış və xalqlar arasında böyük hörmət qazanmışdır.

O dövrdə Heydər Əliyevin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, etdiyi çıxışlar nəinki ittifaqda, bütün dünyada diqqətlə izlənilir, böyük maraq doğurur və ona böyük hörmət qazandırırdı. Dünyanın tanınmış siyasətçiləri, dövlət xadimləri, bir çoxları bu gün də Ulu Öndərimizin yüksək təşkilatçılıq qabiliyyətindən, insanpərvərliyindən, prinsipiallığından, obyektiv siyasi mövqeyindən qürurla söz açırlar. 

Heydər Əliyev qazandığı bu böyük hörmətin, inamın sayəsində xalqın təkidi və tələbi ilə Azərbaycanın fəlakətli günlər, anlar yaşadığı 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gəldi. Həyatını təhlükə qarşısında qoysa da, xalqın iradəsini qəbul etdi, inamları, istəkləri sarsıtmadı, gözləri yolda, ürəkləri səksəkədə, təlaşda qoymadı.

Özbaşınalığın baş alıb getdiyi, torpaqları hər gün işğal altına düşdüyü, silahlı qruplaşmaların cövlan etdiyi, iqtisadi cəhətdən böhran yaşadığı, əhalisi dilənçi vəziyyətinə düşdüyü respublikada o dövrdə rəhbərliyə gəlmək, əlbəttə, insanın öz həyatını təhlükəyə atması demək idi. Heydər Əliyev bütün bunları yaxşı bilirdi və bu çətinlikləri çox görmüş, çox sınaqlardan mətanətlə çıxmışdır. 

Dünyanı lərzəyə salan Sovet İttifaqının, Qorbaçov  kimi şovinist bir rəhbərin qarşısında öz sözünü deməyi bacaran, haqsızlığa, ədalətsizliyə baş əyməyən, Azərbaycan xalqına edilən xəyanətlərin hər an tutarlı cavablarını verən Heydər Əliyev ölkənin ağır, xalqın çətin günündə mübarizədən kənarda qala bilməzdi. O, heç vaxt bunu özünə bağışlamaz, xalqdan kənarda qalmaz, insanların - onu sevənlərin, istəyənlərin, köməyinə ümid edənlərin, inam bəsləyənlərin arzusunu gözündə qoymazdı.

Heydər Əliyev tək müdrik siyasətçi, dövlət rəhbəri deyildi, o, həm də əsl vətənpərvər, sədaqətli vətəndaş, canı-qanı ilə xalqına, torpağına bağlı azərbaycanlı idi. Məhz vətən, xalq sevgisi onu ucaltmış və ikinci dəfə hakimiyyətə gətirmişdi. 

Ulu Öndərimiz xalqın etimadını doğrultdu, çətin bir dövrdə ölkədə tez bir zamanda ictimai-siyasi sabitlik yaratmaqla, silahlı qruplaşmaları ləğv etməklə, atəşkəsə imza atıb işğalın qarşısını almaqla, "Əsrin müqaviləsi"ni bağlamaqla, beynəlxalq əməkdaşlığı genişləndirməklə, əsaslı islahatlar həyata keçirməklə, torpağı sahibinə verməklə, sahibkarlığa, bazar iqtisadiyyatına yol açmaqla, orduda nizam-intizamı təmin etməklə, idarəetmə sistemində nəzarəti gücləndirməklə inkişafa doğru addımlayan yeni bir Azərbaycan qurdu. 

Heydər Əliyev müstəqilliyi əldən gedən, onun-bunun himayəsinə sürüklənən, özgələrin əlinə göz dikən, beynəlxalq aləmdə nüfuzu olmayan, səsi eşidilməyən, harayına səs verilməyən, parçalanma, bölünmə qarşısında qalan, insanları bir tikə çörək üçün növbələrdə mürgüləyən, büdcəsində vəsaiti, torpağında məhsulu, bağçasında barı olmayan Azərbaycanı ağ günə çıxarmağı, münaqişələrin qarşısını almağı  qətiyyətlə bacardı və dünyaya bir daha yenilməz rəhbər, müdrik siyasətçi, qətiyyətli insan və əsl azərbaycanlı, vətənpərvər olduğunu sübut etdi.

Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Corc Buş bildirirdi ki, Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanı XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.  

Göründüyü kimi, Heydər Əliyevin ideyaları, fəaliyyəti yalnız yaşadığı, rəhbər olduğu XX əsrlə məhdudlaşmır, bu günümüzə, gələcək əsrlərə də işıq saçır. Bu ideyaların uğurları nəinki iqtisadi-siyasi, mənəvi sahələrdə, azərbaycançılıq ideologiyasının genişlənməsində, dünya azərbaycanlılarının birliyində, türk dövlətlərinin bir məqsəd uğrunda mübarizəsində, formalaşmasında, dönməz bir qüvvəyə çevrilməsində özünü aydın nümayiş etdirir. 

Türkiyə Respublikasının sabiq Prezidenti Süleyman Dəmirəlin sağlığında səsləndirdiyi: "Heydər Əliyev türk dünyasının lider simalarından, ulduzlarındandır və məmləkətinə, həm də türk dünyasına böyük xidmətlər göstərmişdir... Heydər Əliyev türk dünyasının siyasət və dövlət dahisidir" ifadələri bu günümüzlə həmahəng səslənir, Ulu Öndərimizin ideyalarının türk dövlətlərinin rəhbərləri - xüsusilə Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən sədaqətlə həyata keçirilməsi qürur doğurur.

Bu gün azərbaycançılıq və türkçülük məfkurəsi ortaqdı, qarşılıqlıdır. Məqsəd, yol eynidir - müstəqillik, azadlıq, bərabərlik, təhlükəsizdir və xalqların xoşbəxtliyi, gələcək inkişaf. Türk dövlətləri bu istiqamətlərdə birləşirlər, öz forumlarını, sammitlərini, tədbirlərini təşkil edir, planlarını qurur, yollarını müəyyənləşdirirlər.

Bu ideyalar Heydər Əliyevdən gəlmədir. Sağlığında Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk respublikalarının rəhbərləri ilə sıx dostluq, qardaşlıq əlaqələri yaradan Ulu Öndərimizin arzuları, istəkləri reallaşır, iqtisadi-siyasi mədəni həyatda, əməkdaşlıqda, sağlam münasibətlərdə öz ifadəsini tapır.

Türk Dövlətləri Təşkilatının təşkilatlanması, güclü bir birliyə, qüvvəyə çevrilməsi türkdilli xalqların həyat amalıdır və bu ölkələrin milli təhlükəsizliyinin təmin edilməsi, müstəqilliyinin qorunması, inkişafı baxımından olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin bu istiqamətdə fəaliyyəti çoxsahəli və səmərəlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu birliyə böyük önəm verir və bildirir: "Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz türk dünyasının qardaşlıq münasibətlərini və birliyini qoruyub möhkəmləndirməyə çalışmalıyıq".

Nəinki xalqımız, bütün dünya yaxşı bilir və qeyd edildiyi kimi, müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son 30 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi müdrik siyasət xadimi, dövlət rəhbəri kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin - Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır.

O, öz şəxsiyyəti, bəşəri ideyaları, fəaliyyəti, ölməz irsi ilə Azərbaycan tarixinin unudulmaz səhifələrini yazmış və yeni bir eranın, inkişafın təməlini qoymuşdur. Heydər Əliyevin zəngin siyasi irsindən bəhrələnənlər, bu böyük məktəbdən dərs alanlar, dahi rəhbərin yolunu tutanlar və ölkəmizin inkişafı üçün çalışanlar xoşbəxtdirlər.

Çünki Heydər Əliyev yolu müqəddəs yoldu, haqqa-ədalətə söykənən, insanın azadlığına, firavanlığına, dövlətlərin inkişafına və müstəqilliyinə aparan yoldu. Dahi rəhbər Milli Məclisin 15 iyun 1993-cü il iclasındakı çıxışında qətiyyətlə bildirirdi: "Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm... Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarətinə düşməyəcək..."

Uzaqgörən rəhbərimiz tərəfindən otuz il bundan əvvəl inamla söylənilmiş bu ifadələr indi Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, uğurla reallığa çevrilmişdir. İndi Azərbaycan tam suverendir. Torpaqlarımız erməni təcavüzkarlarından tamamilə təmizlənmiş, ordumuz gücləndirilmiş, sərhədlərimiz möhkəmləndirilmişdir. 

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasi, hərbi gedişləri, ordumuzun gücü və cəsarəti, xalqımızın birliyi sayəsində Azərbaycan öz qəhrəmanlıq tarixini şərəfləndirmiş, dünyaya mətin, mübariz, torpaqlarını müdafiə etməyə, düşmənə qalib gəlməyə qadir olan dövlət, xalq kimi özünü göstərmişdir. O heç bir ölkədən asılı deyil,  heç kimin diktəsi ilə işləmir və təsir altına düşməmişdir. 

Azərbaycan tam azad, inkişaf edən beynəlxalq aləmdə tanınan, söz sahibi olan, xalqın xoşbəxtliyinə, rifahına xidmət edən bir dövlətdir. 

Heydər Əliyevin arzuladığı kimi, Azərbaycan çox böyük sınaqlardan çıxaraq öz gücünü toplaya bildi, milli birliyini, vətəndaş həmrəyliyini, vətən, torpaq məhəbbətini bütün dünyaya göstərməyə nail oldu. Ulu Öndərimizin işğaldan azad olunması uğrunda illərlə mübarizə apardığı və azad olunacağına böyük ümid bəslədiyi Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi möhtəşəm tikinti, bərpa, quruculuq işləri görülür, şəhər və kəndlər yenidən qurulur, xarabazarlığa çevrilən ərazilər gülüstana çevrilməkdədir.

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri, sakinlərlə görüşləri, işlərin gedişi ilə tanışlıq, çox mühüm infrastruktur layihələrinin uğurla həyata keçirilməsi, məskunlaşma prosesinin sürətləndirilməsi Qarabağ və Şərqi Zəngəzur torpaqlarına yeni mənalı həyat bəxş edir və xalq tərəfindən təqdir edilir.

İşğaldan azad edildikdən keçən dövr ərzində ərazilərin bərpasına 22 milyard manatdan çox vəsaitin ayrılması, ölkə rəhbərinin həyata keçirilən bütün tədbirlərə bilavasitə nəzarət etməsi, inşaat işlərinin gündən-günə sürətləndirilməsi, müasir şəhərsalma tələbləri əsasında yeni yaşayış massivlərinin salınması, yolların çəkilməsi, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının tikilməsi, iş yerlərinin yaradılması Heydər Əliyev arzularının, istəklərinin çiçəklənməsidir. Prezident İlham Əliyevin xalqına sayğısının, vətəninə məhəbbətinin Ulu Öndərimizin ölməz ideyalarına sədaqətinin ifadəsidir.

Müstəqil Azərbaycan Respublikası demokratik, hüquqi cəmiyyət qurmaq yolunda inamla addımlayır. Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və hər bir insanın hüququ qorunur, rifahının yaxşılaşması üçün əsaslı tədbirlər görülür. 

Heydər Əliyevin müstəqilliyimizin, ərazi bütövlüyümüzün, milli-mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsi, milli vətənpərvərlik hisslərinin yüksəldilməsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, dünya azərbaycanlılarının birliyinin təmin olunması, dilimizin, tariximizin, dinimizin sevilməsi və təbliğ olunması, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi sahəsində qarşıya qoyduğu vəzifələr xalqı ilə daim bir yerdə, bir cəbhədə olan Prezidentimiz İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir.

Bu gün dünya xəritəsində iqtisadiyyatı sürətlə inkişaf edən, möhkəm, qüdrətli orduya, mütəşəkkil və vahid xalqa, beynəlxalq aləmdə tanınan, seçilən və tutarlı mövqeyə malik olan bir Azərbaycan var. O Azərbaycan ki, Heydər Əliyevin bəşəri ideyalarından güc alaraq Prezident İlham Əliyevin fədakarlığı, yüksək təşkilatçılığı və qayğısı nəticəsində hər ay, hər il yeni uğurlara imza atır, xalqını sevindirir, dövləti möhkəmləndirir və öz şəhidlərinin, onun uğrunda həyatını qurban verən dahilərin, insanların ruhunu şad edir.

Heydər Əliyevin - öz ömrünü, həyatını Azərbaycanın dünəni və bu günü, gələcəyi yolunda əsirgəməyən, ölkəmizi ən çətin günlərdə bəlalardan, fəlakətlərdən qurtaran, inkişaf etdirən, türk dünyasının, Azərbaycanımızın ən görkəmli şəxsiyyəti, siyasi xadimi, rəhbəri kimi tanınan və Ümummilli Lider kimi əbədiləşən bir insanın, vətənpərvərin ruhu şaddır, daha çox sevinir. Çünki o milyonların qəlbindədir, hər an anılır, yad edilir və əzizlənir. Belə ehtirama, hörmətə, diqqətə layiq olan insan - Ulu Öndərimiz, əlbəttə, xoşbəxtdir, əbədidir. Heç bir zaman unudulmayacaq, anılacaq və nəsillərin qəlbində, tarixdə əbədi yaşayacaqdır. . 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr