Novruzəli Aslanov: “1993-cü ildə Azərbaycanın taleyində xilaskarlıq missiyasını öz üzərinə götürə biləcək yeganə dahi lider şəxsiyyət məhz Heydər Əliyev idi” - Ballada
“XX əsr Azərbaycan tarixinin ən görkəmli siması olan Heydər Əliyev bu tarixin həm də ən şərəfli səhifələrinin müəlliflidir. Azərbaycan xalqının xilaskarı və Ümummilli Lideri Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi irsi neçə-neçə gələcək nəsillərin bəhrənələcəyi və təcrübə qazanacağı bir məktəbdir. İstər respublikamızın keçmiş Sovet İttifaqının tərkibində mövcud olduğu dönəmdə, istərsə də müstəqillik illərində Azərbaycanda inkişaf və milli şüurun oyanışı yalnız Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə öz başlanğıcını almışdır. Eynilə müstəqilliyimiz də məhz Ulu Öndərin sayəsində əbədi və dönməz xarakter almışdır. Birmənalı olaraq deməliyik ki, 12 dekabr anım günü Azərbaycan üçün təkcə öz xilaskar oğlunun deyil, həm də dövlətçilik tarixinin ən strateji addımlarının xatırlandığı gündür. Ulu Öndər dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara qırılmaz tellərlə bağlı olub. Ümummilli Lider Heydər Əliyev unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən strategiyanın müəllifi kimi Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən millət vəkili 1991-1993-cü illərin ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlandığını vurğulayaraq, ölkəni bu vəziyyətdən və dünyanın siyasi xəritəsindən birdəfəlik silinmək təhlükəsindən yalnız Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının xilas etdiyini bildirib: “Artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün həm də dünya ölkələri arasında nüfuzlu söz sahiblərindən birinə çevrilib. Əlbəttə ki, bu nailiyyətin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyası durur. Məlum olduğu kimi, 1991-1992-ci illərdə ölkədə yaranmış vəziyyət elə bir böhran həddinə çatmışdı ki, artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. Ən pisi də bu idi ki, həmin proqnozların reallaşması üçün ölkədə həqiqətən də son dərəcə təhlükəli bir zəmin artıq tam olaraq formalaşmışdı. Bu vəziyyətin yaranmasında əsas rol oynayan amillərdən danışarkən əlbəttə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkə ərazisinin 20 faizinin işğalını, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köşkün vəziyyətinə düşməsini və bu səbəbdən ölkəmizin üzləşdiyi humanitar fəlakəti xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə ictimai-siyasi gərginliyin böhran həddinə çatdığı 1993-cü ildə Azərbaycanın taleyində xilaskarlıq missiyasını öz üzərinə götürə bilən yeganə dahi lider şəxsiyyət məhz Heydər Əliyev idi. Həmin vaxt bunu hamıdan da gözəl bilən Azərbaycan xalqı öz müdrikliyini və iradəsini nümayiş etdirərək Ulu Öndərin ölkədə siyasi hakimiyyətə qayıdışını tələb etdi. Xalqın səsinə səs verərək ölkənin rəhbərliyinə qayıdan Ümummilli Lider qısa zaman ərzində ölkədə başlanmaq üzrə olan vətəndaş müharibəsinin qarşısını aldı, ilk vaxtlarda bir qədər kövrək də olsa ictimai-siyasi sabitliyə nail oldu, milli həmrəyliyi təmin etdi. Ulu Öndər nizami ordu yaradılması istiqamətində təcili və qətiyyətli addımlar ataraq, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə endirdiyi sarsıdıcı zərbələrin təsiri altında Ermənistan atəşkəsə vadar edildi. Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cünhuriyyətinin varisi olduğunu da dəfələrlə xüsusi vurğulamış, bəyan etmişdir. Bu xüsusda qeyd etmək istərdim ki, bu gün ölkəmizə böyük uğurla fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də məhz Cümhuriyyət dövründə, 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət Azərbaycan Cümhuriyyətinin varislərindən sayılır. Təsadüfi deyil ki,Ulu Öndər Heydər Əliyev də Milli Cəmiyyətin fəaliyyətini yüksək dəyərləndirirdi. Məhz Ümummilli Liderimizin bilavasitə dəstəyi nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1994-cü ildə ölkə ərazisində fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına aid olan yeganə rəsmi humanitar qurum kimi tanınmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev tərəfindən təşkilatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi də, Cəmiyyətin üzvlərinin müxtəlif vaxtlarda dövlət mükafatları ilə təltif olunmaları da dövlət başçımızın Milli Cəmiyyətə yüksək dəyər verdiyinin daha bir göstəricisidir.”
Daha sonra N.Aslanov 1993-2003-cü illər ərzində Ulu Öndər tərəfindən görülmüş və əsası qoyulmuş işlərin hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıb: “Cənab Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən keçən dövr ərzində ölkədə dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Ulu Öndərin ideyaları əsasında dinamik inkişaf edir. Heydər Əliyev siyasi strategiyasının ölkəmizdə son 22 il ərzində cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir. Xüsusi olaraq bir məqamı da vurğulamaq istədim ki, mən özüm 2003-cü ilin Prezident seçkiləri ilə bağlı gedən proseslərin ölkə ictimaiyyətinin bir təmsilçisi olaraq bilavasitə yaxından iştirakçısı olmuşam. Belə ki, mən həmin seçkilərdə ilk öncə Ulu Öndər Heydər Əliyevin Prezidentliyə namizəd kimi vəkillərindən biri idim. Ümummilli Liderimizin öz namizədliyini geri götürdükdən sonra isə, biz də artıq komanda olaraq Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin vəkilləri olduq. Bu gün mən həmin tarixi günləri xatırlayaraq sonsuz qürur və fəxarət hissi yaşayıram” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.