İki gündür cəmiyyət olaraq dərin psixoloji sarsıntı içindəyik. Yaşlıların təzyiqi qalxıb, ortayaşlılar əllərini ürəklərinin üzərinə qoyublar, azyaşlılar və yeniyetmələr göz yaşı ilə təsəlli tapır. Söyüş, qarğış, nalə göyə bülənd olub.
Cəmiyyət əldən gedir. Səbəbi də bəllidir: Bu “Qarabağ” hansısa Niderlandın hansısa “Ayaks” adlı komandasına qalib gələ bilməyib.
Dəhşətdir. Cəmiyyəti bu hala salanlar mütləq cəzalandırılmalıdır. Bizim cəmiyyətin standartlarına yaddır bu məğlubiyyət. Cəmiyyətimizin standartı belədir: Ya hamıya qalib gəlirsən və hamı da hər şey səndən tələb edir. Ya da hamıya məğlub olursan və heç kim səndən heç nə tələb etmir.
“Qarabağ” yeni trend gətirmək istəyir cəmiyyətin standartlarına: Gah qələbə qazanır, sevindirir cəmiyyəti, gah da məğlub olub kədərləndirir.
Bu da cəmiyyətimizin dərin psixoloji sarsıntı keçirməsinin əsas səbəbidir.