Tehran və Bakı qarşılıqlı hörmətə əsaslanan ortaq, təhlükəsiz və şərəfli gələcək qurmaq əzmindədir.
"Yeni Sabah" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.
O, "Instaqram" səhifəsində bu yaxınlarda Azərbaycan Respublikasına səfəri zamanı Tehran-Bakı əlaqələrinin planları, hədəfləri və perspektivləri barədə məlumat verən paylamında yazıb:
"Azərbaycan Respublikasının paytaxtı Bakıya son səfəri zamanı (6 və 7 dekabr) mən möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyev, hörmətli xarici işlər naziri Zati-aliləri cənab Ceyhun Bayramov, Baş nazir müavini Şahin Mustafayev və Milli Məclisin hörmətli sədri Sahibə Qafarova ilə ətraflı və konstruktiv görüşlər keçirdim".
Xarici işlər naziri əlavə edib: "İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında coğrafi qonşuluq hüdudlarından kənarda olan əlaqələr Arazın hər iki sahilindəki xalqların qədim qohumluğuna söykənən dərin tarixi, mədəni və sivilizasiya əlaqələrinin təzahürüdür.
Bu əlaqələr bu gün bütün sahələrdə, o cümlədən iqtisadi və tranzit, siyasi, mədəni və humanitar sahələrdə genişlənir və iki ölkə bu ümumi dəstəyə arxalanaraq əməkdaşlığı strateji səviyyəyə qaldırmaq əzmindədir.
Bütün görüşlərdə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasının zəruriliyi bütün ölkələrin tərəqqisi və firavanlığı üçün ilkin şərt kimi vurğulanmış və bildirilmişdir ki, heç bir üçüncü tərəf iki ölkə arasında konstruktiv münasibətlərə mənfi təsir göstərə bilməməlidir. Tehran və Bakı qarşılıqlı hörmətə əsaslanan ümumi, təhlükəsiz və şərəfli gələcək qurmaq əzmindədir".
Telegram kanalımız