G7 və Aİ-nin Rusiya neftinin dəniz daşımalarını tam qadağan etməsi gündəmdədir...
Kipr və Malta - Avropa İttifaqında ən böyük ticarət donanmalarına sahib olan iki ölkə Rusiyaya qarşı planlaşdırılan yeni sanksiyaların, xüsusilə də Rusiya neftinin dəniz yolu ilə daşınmasına tam qadağanın, gəmiçilik sahəsində qanuni biznes fəaliyyətlərinə ziyan vurması barədə xəbərdarlıq ediblər.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.
Məlumata görə, G7 ölkələri və Avropa İttifaqı hazırda Rusiya neftinə tətbiq olunan qiymət tavanının ləğvi və əvəzində onun dəniz daşımalarının tam şəkildə qadağan edilməsini müzakirə edir. Məqsəd Moskvanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq və Ukraynadakı müharibənin maliyyələşdirilməsinə təsir göstərməkdir.
Reuters qeyd edir ki, belə bir qadağa ilk növbədə Kipr, Malta və Yunanıstan donanmalarına təsir edəcək. Çünki Rusiya neftinin əhəmiyyətli hissəsinin daşınması məhz bu ölkələrin bayraqları altında üzən gəmilər vasitəsilə həyata keçirilir. Agentliyin mənbələri bildirir ki, xidmətlərin qadağan edilməsi Aİ-nin 2026-cı ilin əvvəlində təqdim etməyi planlaşdırdığı növbəti sanksiya paketinə daxil edilə bilər.
Malta hökumətinin bəyanatında qeyd olunur ki, qiymət tavanının ləğv edilməsi dəniz daşımalarının Aİ-yə daxil olmayan yurisdiksiyalara keçməsi ilə nəticələnə bilər və bu, həm nəzarətin, həm də Avropa standartlarının tətbiqi üçün zəruri təsir mexanizmlərinin itirilməsi deməkdir.
Kiprin xarici işlər naziri Konstantinos Kombos isə məsələyə “kompleks yanaşmanın vacibliyini” vurğulayıb. Onun sözlərinə görə, əsas diqqət mövcud sanksiyaların müxtəlif yollarla pozulmasının qarşısının alınmasına yönəlməlidir.
Poliqon.info