Bakı, 12 dekabr, AZƏRTAC
O, hamı kimi dünyaya gəldi.
Hamı kimi böyüdü, hamı kimi tərbiyə aldı, hamı kimi oxudu.
Hamı kimi...
Hamı kimi yaşamadı...
Əvvəlcə öz el-obasında, sonra bir şəhərdə, sonra bir respublikada, daha sonra böyük və nəhəng bir ölkədə, nəhayət dünyada tanındı.
Zaman keçdikcə hamı onun hamı kimi olmadığını, hamıdan fərqli olduğunu gördü. Hamının halına yanmaq, hamıya əl uzatmaq, hamıya kömək etmək, hamının əvəzinə düşünmək və hamının əvəzinə qərar vermək bacarığı onda çox üstün idi.
Onda hamının hamisi olmaq xüsusiyyəti var idi.
Onda hamıdan fərqlilik keyfiyyətləri aşkar seçilirdi.
Zaman göstərdi ki, o, hamı kimi dünyaya gəlib, hamı kimi böyüyüb tərbiyə alsa, hamı kimi olsa da, həm də heç kimə bənzəməyən şəkildə təkdir, yeganədir.
Tək olduğuna görə hamı ən çətin anlarda gözünü ona dikdi, ümidini ona bağladı, ondan nicat gözlədi. O da bəslənilən ümidləri, inamı doğrultmaq üçün bütün varlığı ilə çalışdı, ömrünü gilə-gilə, damcı-damcı onu sevən, ona ümid bəsləyən, ondan nicat gözləyən bu xalqın yolunda əritdi. Çünki o, bu xalqı sevirdi, onun dilini, adət-ənənəsini, mədəniyyətini sevirdi, bu xalqın övladı olmağı, doğma dilində danışmağı sevirdi. O, “Mən fəxr edirəm ki, mən azərbaycalıyam” deyirdi.
İndi xalq da onu sevir, əzizləyir, ehtiram göstərir və unutmur. Məsləhət və tövsiyələrinə əməl edir, nişan verdiyi yolla gedir.
Elə bu sevginin ifadəsi olaraq xalq küçə, park və meydanlarda onun abidəsi önündə baş əyir, önünə gül-çiçək dəstəsi qoyur. Özünün Ümummilli Lideri, Ulu Öndəri kimi...
Həmişə də belə olacaq...