AZ

Tramp Avropa İttifaqını parçalamağa qərar verib?

ABŞ-nin yeni təhlükəsizlik strategiyası Vaşinqtonun Aİ-ni parçalamaq niyyəti barədə iddialar doğurub...

Poliqon xəbər verir ki, Defense One nəşrinin 10 dekabrda yayımladığı məxfi hesab olunan sənədin sızması Avropada ciddi narahatlıq yaradıb. Sənəddə Avstriya, Macarıstan, İtaliya və Polşanın Aİ-dən uzaqlaşdırılması istiqamətində təşviq edildiyi iddia olunur, Ağ Ev isə məlumatı saxta adlandırıb.

 Defense One nəşri yazır ki, iddiaya görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının hazırladığı Milli Təhlükəsizlik Strategiyasının qaralama variantında Vaşinqtonun Avstriya, Macarıstan, İtaliya və PolşaAvropa İttifaqından uzaqlaşmağa, hətta mümkün çıxışa həvəsləndirmək niyyəti əks olunub. Sənəddə bu siyasət “Make Europe Great Again” (“Avropanı Yenidən Böyük Et”) təşəbbüsü kimi təqdim olunur və Brüsselin təsirinin zəiflədilməsinə, milli suverenliklərin isə gücləndirilməsinə yönəldiyi iddia edilir.

Ağ Ev yayılan sənədin mövcudluğunu təkzib edərək onun “saxtalaşdırıldığını” iddia edib. Rəsmi Vaşinqton bildirib ki, belə məzmunlu strategiya heç vaxt hazırlanmayıb və yayılan sənədin administrasiya ilə əlaqəsi yoxdur.

Bununla belə, sızma Avropa paytaxtlarında kəskin reaksiyaya səbəb olub. Bir sıra Aİ rəsmiləri ABŞ-ni ittifaqın birliyinə müdaxilə etməkdə suçlayıb və belə iddiaların müttəfiqlər arasında etimada zərbə vurduğunu bildiriblər. Avropa Komissiyasından tutmuş üzv ölkələrin xarici işlər qurumlarına qədər müxtəlif dairələr Vaşinqtondan məsələ ilə bağlı aydınlıq tələb edir.

Mütəxəssislər qeyd edirlər ki, məlumatın doğruluğu təsdiq olunmasa belə, bu tip sızmalar Aİ–ABŞ münasibətlərində yeni gərginlik yarada və Avropada transatlantik siyasətə dair müzakirələri daha da kəskinləşdirə bilər.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr