AZ

Heydər Əliyevin yaratdığı Azərbaycan bütün məqsədlərinə çatan dövlətdir

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. İllər bir-birini əvəz etdikcə, Azərbaycanın tarixi möhtəşəm uğurlarla zənginləşdikcə, Heydər Əliyevin böyüklüyünü, müdrikliyini daha yaxından görür, daha dərindən anlayırıq. Ulu Öndərin yaratdığı təməllər üzərində yüksələn Azərbaycan qarşısında dayanan bütün məqsədlərə inamla çatan, regionda və dünyada söz sahibi olan dövlətdir.Heydər Əliyev harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq hər zaman Azərbaycanın yüksəlişi, xalqımızın rifahı üçün çalışıb, bunun üçün lazım olan hər şeyi edib. Ona görə Ulu Öndərin həm sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik illəri tariximizin intibah səhifələridir. Bu dövrlərdə Azərbaycan böhranlardan, tənəzzüllərdən xilas olub, Heydər Əliyev öz dühası ilə Azərbaycanın yüksəlişinə nail olub. Hər bir dövrdə xalqımız Ümummilli Lider Heydər Əliyevin cəsarətinə, vətən sevgisinə, qətiyyətli siyasətinə şahidlik edib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi 1969-1982-ci illəri əhatə edir. Məhz bu dövr Azərbaycan tarixşünaslığında haqlı olaraq müasir tariximizin ilk intibah mərhələsi kimi xarakterizə edilir. Neft ölkəsi olmasına baxmayaraq, ötən əsrin 60-cı illərinin sonuna qədər Azərbaycanın iqtisadi və sosial göstəriciləri digər müttəfiq respublikalarla müqayisədə xeyli geri idi. Lakin 1969-cu ilin 14 iyulunda Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə respublikamızın həyatında tamamilə yeni inkişaf mərhələsinin əsası qoyuldu. Qısa müddətdə iqtisadiyyatda mühüm irəliləyişlərə nail olundu, Azərbaycan ittifaq miqyasında həm də sənaye respublikası kimi tanınmağa başladı.

İqtisadiyyatla yanaşı, həmin tezliklə cəmiyyət həyatının digər sahələrində də canlanma yarandı, əhalinin sosial rifahında müsbətə doğru dəyişiklik baş verdi. O illərdə həm də Bakı şəhəri böyüdü, yeni mikrorayonlar, qəsəbələr salındı. Ulu Öndərin təşəbbüskarlığı ilə bu gün paytaxtımıza gözəllik verən möhtəşəm binalar inşa edildi. O cümlədən kəndlərimiz dəyişdi, inkişaf yoluna qədəm qoydu, aqrar sferadakı nailiyyətlərimiz ittifaq miqyasında üstünlüyünü daim qorudu. 

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü həm də xalqımızın milli oyanışına xidmət edən tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Həmin illərdə ideoloji məsələlər sovet dövlətinin müəyyən etdiyi çərçivədə tənzimlənirdi. Bu sahədə milli təəssübkeşlikdən çıxış etmək sovet dövlətinin rəhbərliyi tərəfindən qəbul edilmirdi və hətta təhlükəli idi. Bütün bunlara rəğmən Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək, xalqımızın milli dəyər və ənənələrinin qorunmasına çalışırdı. O illərdə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması, azərbaycanlı kadrların vəzifələrdə irəli çəkilməsi, tariximizin öyrənilməsinə xüsusi diqqət yetirilməsi, milli mövzulara müraciət edən yazıçı və şairlərin təqib olunmalarının qarşısının alınması Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən xəbər verir.

Bir məsələni də qeyd etməliyik ki, nə qədər ki, Heydər Əliyevin həm Azərbaycana rəhbərlik etdiyi, həm də Kremldə çalışdığı dövrdə ermənilər Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edə bilməmişdilər. Onların bütün saxta iddialarının qarşısını Heydər Əliyev qətiyyətlə almışdı. Ermənilər Azərbaycana qarşı əsassız iddialarını və separatçılıq fəaliyyətlərini yalnız xalqımızın dahi oğlunun yalnız M.Qorbaçovun siyasətinə etiraz olaraq, öz vəzifələrindən istefa etməsindən sonra həyata keçirə bildilər.

Heydər Əliyev vəzifələrindən istefa verdikdən sonra da öz xalqının yanında idi. Bu baxımdan Ulu Öndəri sonrakı siyasi fəaliyyəti xalqımızın öz müstəqilliyi uğrunda mübarizəsinin mühüm bir mərhələsini təşkil edir. Heydər Əliyevin 1990-cı il yanvar ayında Moskada 20 yanvar faciəsi ilə əlaqədar sovet rəhbərliyini cəsarətlə ifşa etməsi, sonrakı dövrdə Naxçıvandakı siyasi fəaliyyəti respublikamızda başlanan azadlıq mübarizənin daha da güclənməsinə böyük təkan vermişdi.

Dahi şəxsiyyətin təşəbbüsü ilə Naxçıvanda üçrəngli bayrağımızın ilk dəfə rəsmi bayraq kimi təsbit olunması sıradan bir hadisə deyildi. Bu, müstəqillik mübarizəsini yeni mərhələyə yüksəldən siyasi qətiyyətin möhtəşəm təcəssümü idi.

Heydər Əliyev hər zaman öz əməlləri ilə öz dövlətinə layiqli xidmətin nümunəsini yaradıb, daim öz xalqının yanında olub. Ona görə müstəqilliyimizin ilk illərində yaranan dərin siyasi böhran zamanı xalqımızın Ulu Öndərə üz tutması təsadüfi deyildi. Hər kəs bilirdi ki, yalnız Heydər Əliyevin siyasi müdrikliyi və təcrübəsi Azərbaycanı bu xaosdan xilas edə bilər. Ulu Öndərin rəhbərliyi ilə 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranması da Heydər Əliyevə olan ümummilli inamdan xəbər verirdi.

1993-cü ilin ortalarına doğru respublikada siyasi böhran daha da kəskinləşmiş, proseslər idarəetmədən çıxmışdı. Müstəqil respublikamız Xalq Cümhüriyyətinin taleyini yaşamağa yaxın idi.

Lakin həmin dövrdə ümidlər itməmişdi və hamı inanırdı ki, ölkəmizi düşdüyü böhranlı vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər. 1993-cü ilin noyabrında xalqın çağırışına cavab verərək Bakıya gələn Heydər Əliyev özünün növbəti tarixi missiyasını şərəflə yerinə yetirdi, müstəqilliyimizin itirilməsinin, dövlətçiliyimizin məhvinin qarşısını aldı. Məhz Ulu Öndərin sayəsində siyasi – hərbi böhrana, hakimiyyətə silahlı yolla gəlmək ənənəsinə birdəfəlik son qoyuldu, ictimai-siyasi sabitlik təmin olundu. Ulu Öndərin yaratdığı Azərbaycan Ordusu düşmənin işğalçı hücumlarının qarşısını qətiyyətlə aldı. Xilaskarlıq missiyasını qətiyyətlə həyata keçirən Heydər Əliyev hüqüqi, dünyəvi və demokratik dövlət quruculuğu prosesini də uğurla reallaşdırdı, müasir Azərbaycan dövlətinin banisi oldu.Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il tariximizə inkişaf və hüquqi dövlətçiliyimizin əsaslarının daha möhkəmləndirilməsi dövrü kimi daxil oldu.

Ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, geniş miqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, respublikamız dünya birliyində yerini möhkəmləndirdi, geosiyasi mövqelərini gücləndirdi.

1993-cü ildən Azərbaycanda başlanan Heydər Əliyev siyasi kursu bu gün də ölkəmizə tarixi nailiyyətlər qazandırır. Ötən 22 ildə Heydər Əliyev yolunun möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilməsi Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldib.

Bu illər ərzində tariximizin qürurverici səhifələri yazılıb, Azərbaycan regionda və dünyada söz və yüksək nüfuz sahibi olan dövlətə çevrilib.

Qətiyyətli siyasətinin və qazandığımız hər bir uğurun nəticəsi olaraq Prezident İlham Əliyevin adı dünyanın ən nüfuzlu dövlət başçıları ilə bir sırada çəkilir.Sözsüz ki, Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin 2003-cü ildən sonra xalqımıza yaşatdığı ən böyük uğur torpaqlarımızın işğaldan azad olunmasıdır. Bununla da dövlətimizin yeganə ağrılı probleminə son qoyuldu, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini və ən böyük arzusunu layiqincə yerinə yetirdi.Anım günündə bir daha Heydər Əliyevi rəhmətlə anır, əziz xatirəsini ehtiramla yad edirik. Ulu Öndərin ideyaları hər zaman respublikamızın inkişaf yollarına işıq salacaq.

Xanlar FətiyevMilli Məclisin deputatı

Seçilən
34
3
missiya.az

10Mənbələr