AZ

Vəfat edən şəxsin pensiya kapitalı ailəsinə verilə bilərmi? - Hüquqşünasdan açıqlama

Müasir dövrdə sosial təminat sistemində ən çox müzakirə olunan məsələlərdən biri vəfat etmiş şəxsin pensiya kapitalının taleyi və onun ailə üzvlərinə verilməsi ilə bağlı yaranan suallardır. İnsanlar əmək fəaliyyətləri boyunca topladıqları pensiya kapitalının ölüm halında necə istifadə ediləcəyini, həmin vəsaitin ailə üzvlərinə verilib-verilməyəcəyini və bunun hansı mexanizmlərlə tənzimləndiyini öyrənməyə çalışırlar. Bu mövzu ətrafında formalaşan suallar həm hüquqi mexanizmlərin anlaşılması, həm də sosial müdafiə sisteminə olan etimad baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də pensiya kapitalının vərəsəliyi, kimlərə və hansı şərtlərlə ötürülməsi məsələsinin izahı geniş ictimai maraq doğurur.

Mövzu ilə bağlı Missiya.Az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericiliyə əsasən, vəfat etmiş şəxsin pensiya kapitalı heç bir halda onun miras əmlakı hesab olunmur və bununla bağlı vərəsələrə ödəniş edilmir:

"Lakin mən bir hüquqşünas kimi hesab edirəm ki, qanunvericiliyə bu istiqamətdə dəyişiklik və əlavələr edilməlidir. Çünki şəxsin gəlirlərindən tutulmuş pensiya ayırmaları və formalaşmış pensiya kapitalı bilavasitə həmin şəxsin vəsaiti hesabına yarandığı üçün, məntiqi və hüquqi baxımdan onun miras əmlakı kimi qiymətləndirilməlidir. Bu halda vərəsələrin də həmin vəsaitə hüququnun olması tam əsaslıdır",- deyə o qeyd edib.

Hüquqsünas vurğulayıb ki, bu səbəbdən, mövcud hüquqi vəziyyətin dəyişdirilməsi məqsədilə strateji məhkəmə işləri başlanmalıdır:

"Hüquqşünaslar bu məsələdə aktiv mövqe tutmalı, vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı təşəbbüslər göstərməlidirlər. Çünki heç kəsin əmək haqqından və digər gəlirlərindən tutulan pensiya kapitalı üçüncü şəxslərin xeyrinə ödəniş vasitəsinə çevrilə bilməz.

Hesab edirəm ki, vəfat etmiş şəxslərin yaxınları bu məsələni məhkəmə qaydasında mübahisələndirmək üçün müraciət etməlidir. Vəkillər isə həmin vətəndaşlara hüquqi yardım göstərərək, tutulmuş vəsaitlərin miras əmlakı kimi tanınmasına nail olmaq üçün müvafiq hüquqi prosedurları həyata keçirməlidirlər",- deyə Ramil Süleymanov əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr