AZ

Elman Məmmədov: “Daxili Qoşunların Prezidentə tabe olması məsələsinin ölkədə böhran gözlənilməsi ilə əlaqələndirilməsi iddiaları əsassızdır”

“Radikal müxalifətin Daxili Qoşunların Prezidentə tabe olması barədə qanuna dəyişikliyi ölkədə böhran gözlənilməsi ilə əlaqələndirməsi iddiası tamamilə əsassızdır. Respublikanın Prezidenti eyni zamanda ölkədə mövcud olan bütün Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Daxili Qoşunlar da həmin kateqoriyaya aiddir. Təbii ki, tabeçilik vahid olmalıdır. Əsas budur”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

 

Deputat xatırladıb ki, Daxili Qoşunların Birinci Qarabağ, o cümlədən Vətən müharibəsində, anti-terror əməliyyatında keçdiyi qəhrəmanlıq yolu, göstərdiyi şücaət göz qabağındadır.

 

E.Məmmədov qeyd edib ki, Daxili Qoşunlarımız həm asayişin, təhlükəsizliyin qorunmasında, həm də Vətənin müdafiəsində həmişə fəal iştirak edib: “Bu, Daxili Qoşunların Nizamnamə borcudur, belə də olmalıdır. Qanuna dəyişiklikdə qeyri-qanuni, qəribə heç bir şey, müxalifətin iddia etdiyi kimi təhlükəli məsələ yoxdur. Sadəcə, vahid komandanlıq məsələsi var. Bəlkə, müxalifətin yadına belə bir şey salaq.. Hakimiyyətdə olduqları dövrdə - 1990-cı illərin əvvəllərində respublikada mövcud olan silahlı birləşmələrin hərəsi bir şəxsə tabe idi. Daxili Qoşunlara başqa əmr verilirdi, Müdafiə Nazirliyinin sistemində başqa əmr olurdu. Vahid komandanlıq yox idi. Düşmən isə bundan məharətlə istifadə edib torpaqlarımızı işğal altına salırdı. Bəlkə, radikal müxalifət bunu yada salsın, indiki cəfəng fikirləri ilə gündəmə gəlməsin”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Dekabr 2025, 11:58   
Seçilən
22
pravda.az

1Mənbələr