AZ

Transxəzər marşrutu Avrasiyanın strateji nəqliyyat arteriyasına çevrilir

Bakı, 12 dekabr, AZƏRTAC

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) yalnız qatarlarla yük daşımaq üçün yaradılmış dəhliz kimi yox, bütöv bir regionun strateji arteriyası kimi baxmaq lazımdır. Bu marşrut Qərblə Şərqin nəqliyyat bağlantısını yaradır, Qazaxıstan və digər region ölkələrinin iqtisadi inkişafına güclü təkan verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosasiyasının baş direktor əvəzi Nurgül Jakupova deyib. O bildirib ki, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrinə kimi uzanan bu marşrut Avrasiyanın nəqliyyat arteriyasını təşkil edərək beynəlxalq logistikanı tamamlayır. “Çindən Avropaya daşınan yüklərin 56 faizi Qazaxıstanın üzərindən həyata keçirilir. TBNM-in səmərəliliyi özünü yükdaşımaların artmasında göstərir. Cari ilin yalnız 6 ayı ərzində bu marşrutla yükdaşımanın həcmi 926 ton olub. Bu da ötənilki göstəricidən 6 faiz çoxdur. Həmin dövrdə 40 min 200 konteyner daşınıb ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 93 faiz artım deməkdir”, - deyə o əlavə edib. Nəzərə çatdırıb ki, Qazaxıstan Transxəzər marşrutu ilə yükdaşımanın həcmini artırmaq üçün bir sıra infrastruktur layihələrin həyata keçirilməsinə başlayıb. Jetıqen-Kazıbek dəmir yolunun tikintisi başa çatmaq üzrədir. Bu yol Almatı şəhərindən yan keçməklə tranzit yükdaşımanın artmasına xidmət edəcək. Eyni zamanda, Dostık-Moyıntı dəmir yolunun ikinci xəttinin tikintisi də yekunlaşmaq üzrədir. Bununla yanaşı Qazaxıstanın Xəzər dənizi sahilindəki limanlarında infrastruktur da yenilənir. “Kurık limanı ətrafında dəniz dibinin dərinləşdirilməsi işləri davam edir. Nəzərdə tutulub ki, dənizin dibi 8 metrə kimi dərinləşdirilsin, daha ağır çəkili yük gəmiləri qəbul edilsin və göndərilsin. Bu limandakı yük terminalında da yenidənqurma işləri həyata keçirilib və taxıl anbarı istismara verilib. Aktau limanında isə Çinin “Lianyungang Port Holding Group” şirkəti ilə birlikdə konteyner terminalı inşa edilərək istifadəyə verilib. Bütün bu işlər Bakı-Aktau marşrutu üzrə yükdaşımanı asanlaşdırıb, səmərəli və faydalı yükdaşıma məntəqəsinə çevirib. Bütün bu işlər qlobal ticarətin daha sərfəli yollarla həyata keçirilməsi üçün edilir. TBNM təkcə Qazaxıstan üçün deyil, region dövlətləri üçün böyük iqtisadi inkişf imkanları yaradır”, - deyən müsahibimiz perspektivdə daşınan yüklərin həcminin daha da artacağına əmin olduğunu vurğulayıb.

 

Seçilən
35
1
azertag.az

2Mənbələr