BAKI, 12 dekabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Mqer Qriqoryan təsdiqləyib ki, Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda Qəbələdə azərbaycanlı həmkarı Şahin Mustafayevlə müzakirə olunub.
Teleqraf xəbər verir ki, o, bu barədə “Azatutyun”un İrəvan və Bakının Azərbaycandan yanacaq idxalı ilə bağlı razılığa gəlib-gəlmədiyi ilə bağlı sualına cavab olaraq belə deyib.
“Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var”, - Qriqoryan bildirib.
Mənbə həmçinin baş nazirin müavinindən hansı həcmdə yanacaq idxalının müzakirə olunduğunu, hansı Ermənistan şirkətlərinin Azərbaycandan neft almaq niyyətində olduğu, Azərbaycanın Ermənistana neft və neft məhsullarını hansı qiymətə satmağa hazır olduğu və Rusiyadan idxal edilən yanacaqla rəqabətə davamlı olub-olmayacağını soruşub.
Mqer Qriqoryan bu suallara cavab olaraq deyib:
“Yanacaqla bağlı gələcək fəaliyyət istiqaməti artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsindədir və mümkün əməliyyatların şərtləri bazar əsaslı olacaq”.
Ermənistan və Azərbaycan Azərbaycan yanacağının idxalından başqa, qarşılıqlı ticarətin hansı digər sahələrini müzakirə edir? Ermənistan rəsmisi bu suala konkret cavab verməyib, sadəcə qeyd edib ki, digər məhsullarla bağlı müzakirələr hələ də davam edir.