Mütəşəkkil halda törədilmiş qaçaqmalçılıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan gömrükçülərin sırasında adı keçən üç nəfərə aid bir ümumi detal diqqət çəkir.
Qısa desək, onlar arxalı oğullardır.
Rəşad Daşdəmirov 1994-cü ildən 2000-ci ilə qədər Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı postunu tutmuş Rasim Daşdəmirovun oğludur.
Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.
Tahir Tahiri xalq şairi Söhrab Tahirin oğludur və hazırda onun bir zamanlar şah Pəhləvinin repressiyası səbəbindən Arazın bu tayına qaçan atasının vətəninə qaçdığı bildirilir.
Rasim Daşdəmirov və Söhrab Tahir ölkədə tanınan şəxslərdir. Birinci Gəncə şəhərinin başçısı olarkən ölkədə “savad”ı ilə ad çıxarmışdı, qurduğu cümlələrin mübtədası ilə xəbəri düz gəlməzdi. Lətifəyə çevrilmiş “Lissabonun sammit şəhəri” ifadəsi də ona məxsusdur.
1996-cı ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində sammit keçirilmişdi, zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair razılaşma imzalanmışdı. Ermənilər öz ölkələrində, biz isə burada sammitin yekunlarını “qələbə” adlandırırdıq. Ölkədə hamı bu barədə danışır, yazırdı, bu məsələyə dair toplantılar keçirilirdi. Həmin toplantıların birində Rasim Daşdəmirov demişdi ki, Lissabonun sammit şəhərində diplomatik qələbə qazanmışıq.
Adam elə bilirmiş, Lissabon ölkədir və onun “Sammit” adlı şəhəri var, orada yarışma olub və biz ermənilərə qalib gəlmişik.
Belə bir dünyagörüşün sahibinin oğlu, heç demə, gömrükdə yaxşı vəzifə tuturmuş, tamahı güc gəlməsə, iişməsə yəqin ki, zamanında general da olacaqdı.
Şair Söhrab Tahir (1926-2016) isə sovet dövrünün tanınmış şairlərindən biri idi. Elə möhtəşəm əsərləri olmasa da, həm vətən nisgilli şeirlərinə, həm də şəxsi sanbalına görə üzdə olan şəxs idi. Onun ən məşhur misrası da budur: “İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha”.
Belə anlaşılır ki, şairin gömrükçü oğlu vurmaq və bölməkdən qorxmurmuş. Eləcə də üstə gəlməkdən və çıxmaqdan. Vaxtında aradan çıxması bunun göstəricisidir.
General-leytenant Cəbrayıl Usubov isə heç vaxt mediatık, tanınan adam olmayıb. İşinin spesifikası elə olub ki, o, həmişə yaxşı mənada kölgədə, kadr arxasında qalıb. Dünənə qədər generalın adı hər hansı bir qalmaqalda hallanmayıb. Oğlu kişinin adını dilə-dişə salmasaydı, 1-2 min adam istisna olmaqla heç kəs ölkədə belə bir generalın olduğunu bilməyəcəkdi.
İndi gələk məsələnin başqa tərəfinə. Adları çəkilən, cinayətlərdə ittiham olunan bu gömrükçülər tutduqları posta nəyin, kimin hesabına gəliblər?
Əlbəttə, onlar bu postlara tanınmış, vəzifəli atalarının xətir-hörmətlərinin, əlaqələrinin, lazımi adamlara söz demələrinin hesabına gəliblər.
Gömrük elə bir orqandır ki, “yad cismlər”in ora düşməsi dərhal “qızdırma” verərdi. Bir ara hətta Naxçıvanın başqa rayon və kəndlərində doğulanların da gömrükdə işə düzəlməsi çətin olub, onlara “bizim kənddən deyilsən” deyirmişlər. Bu, həmin kənddən Dövlət Gömrük Komitəsində 4 generalın olduğu dövrlər idi. Sonralar vəziyyət bir qədər dəyişdi. Həmin kənddən olan Səfər Mehdiyevin DGK sədri olub-çıxmasından sonra bu sistemdə kadr dəyişiklikləri prosesi getdi, ancaq regional tərkibin nə qədər dəyişdiyi bilinmədi.
Həm də heç fərqi yox idi ki, gömrükdəki rüşvətləri hansı rayonda doğulmuş adamlar alır, qaçaqmalçılığı hansı qəsəbədə böyümüş zabitlər edir. Əsas o idi ki, gömrük sistemi iqtisadi cinayətkarlığın, sahibkarlara qarşı haqsızlığın, eyni zamanda üzgörənliyin tüğyan etdiyi bir yer olaraq qalırdı.
İndi bu strukturda tutqular var və bu, insanlarda belə bir rəy yaradır ki, qanunçuluq, dürüstlük bərpa olunacaq. Ancaq işin gedişatına skeptik yanaşanlar da az deyil. Onlar təcrübədən çıxış edirlər, deyirlər, hər dəfə belə hadisələrdən, rəhbər dəyişikliyindən, kiminsə ilişməsindən sonra sahibkarlardan alınan rüsumların məzənnəsi bir az da artır.
Dövlət Gömrük Komitəsi bir dövlətin iqtisadi təhlükəsizliyinin təminatçısı, eyni zamanda fəaliyyəti xalqın güzəranına birbaşa təsir edən orqandır.
P.S. O biri həbs edilənlərin bioqrafiyasını araşdırsaq, yəqin ki, onlar da tanınmış adamların kürəkəni, yeznəsi, bacıoğlusu çıxacaq.