Gəncə, 12 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Tarix və coğrafiya fakültəsinin Ümumi tarix kafedrası və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Qərbi Azərbaycan: Mədəni irs, ədalət və qayıdış yolu” adlı tələbə elmi konfransı keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetin elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində II Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm Qələbəsi, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi, eləcə də digər ərazilərimizdə bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Xalqımız əmindir ki, Qarabağa Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaq.
Konfransda Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin fəalliyyətindən və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb.
GDU Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir.
Konfransda Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev və dosent Hüseyn Bəxtiyarlı Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıblar.
Çıxışlardan sonra Tarix və coğrafiya fakültəsinin 13 tələbəsinin Qərbi Azərbaycanla bağlı plenar məruzələri dinlənilib.
Sonda tələbələrə sertifikatlar təqdim edilib.